24 Eylül 2012 Pazartesi

Varis – Yetmiş Yeddinci Gün

      Varis yaradıcılığı haqqında fikrimin formalaşmasına kömək edən üçüncü kitab.. Yetmiş Yeddinci Gün.. Əgər bir müəllifin hər kitabını oxuduqca təsir altına düşürsənsə, deməli o həqiqətən böyük ədəbi istedada malikdir. Deyirlər ki, əsərlə sonda verilən kiçik parçanı oxumaqla tanış ola bilərsən, bu, kitab seçərkən ən uğurlu yol hesab olunur. Amma məncə bu Varisə aid deyil. Artıq Varis Yolçuyev “ mənim sevimli yazıçılarım” siyahısında özünə elə möhkəm yer tutub ki, onun işıq üzü görən hər kitabını tərəddüdsüz alıram. Məşhur yazıçı eyni zamanda kitablarına cəlbedici adlar seçməkdə də ustadı, kiçik bir adla yeni möhtəşəm bir əsərin yarandığına əmin olursan.
Hər kitabında bir yeniliklə qarşımıza çıxan Varis bununla ədəbiyyatımıza böyük irəliləyiş bəxş edir. 77-ci gün kitabında da bunu müşahidə etmək mümkündür. Əsərdə iki dövrə aid olan hadisələri müəllif dörd bölmə şəklində verir. Hər hissədə dörd müxtəlif həyatın şahidi oluruq. 1937 və 2006-cı illər... Mən, Uşaq Evi, Uşaqlar, O başlıqları altında birləşdirilən müxtəlif həyatlar...
     Əsəri oxuyarkən təkcə mənəvi zövq almırsan, eyni zamanda geniş məlumat əldə edirsən keçmiş dövr haqqında. Hər zaman repressiya dövrü, o zamankı şərait, yazıb-yaradan ədiblər və günahsız qurbanlar məni düşündürürdü. Bu kitab illərlə qaranlıqda qalmış bir çox suallarıma işıq tutdu. Müəllifin mükəmməl şəkildə təsviri repressiya dövrünü gözlərimiz önündə açır. Ülvi Hənifizadə obrazı ilə o şəraitdə yazıb yaradan, son ana qədər qələmi əlindən qoymayan ədəbiyyatçılarımız ümumiləşdirilib. Sadəcə xoşbəxt bir həyat arzusunda olan, həyat yoldaşı və hələ üzünü görmək qismət olmadığı oğlu ilə birlikdə yaşayacaqları kiçik dünyanın xəyalını quran kövrək təbiətli yazıçı ən çətin anlarında belə ümidini itirmir, haqsız günahlandırmalara, dəhşətli işgəncələrə dözərək gizli şəkildə yazmağa davam edir, doğru bildiyi yoldan dönmür.Ümumilikdə əsərin ideyası çox gözəldir. Kitabın əsası bu sitatla qurulub: “ Yetmiş Yeddi Gün günəşin doğmasını seyr et, yetmiş yeddinci gün sənin də ömrünə günəş doğacaq.”
     Amma müəllif 66-cı gün hər şeyin yoluna düşdüyünü göstərir. Hər yeni doğan günəşə ümidlə baxan Sabir sonunda atasının sağlamlığına qovuşmasına şahid olur. Bununla əsas ideya ifadə olunur: Sən ümidini Tanrıya bağla, mütləq bir gün həyatın arzuladığın kimi olacaq. Gözlərini qapa və xəyal qurmağa davam et. Möcüzələrə inan, gec də olsa istəyinə nail olacaqsan, təki inandığın yoldan ayrılma...Varisin əsərlərində “ümidli sabah” motivini çox bəyənirəm. Oxucu rəylərindən yazıçının bu fikirlə bir çox həyatdan küsmüş insanı möhkəm-möhkəm yaşama bağladığı məlum olur. Bu sevindirici hal bir daha sübut edir ki, müəllif həqiqətən də güclü təsir etmə qabiliyyətinə malikdir.Kitabı oxuyarkən o qədər canlı səhnələrə şahid oldum ki, göz yaşlarımı tuta bilmədim.. Xüsusilə, ən təsirli səhnələrdən biri uşaq evində gələcəyə aid bütün ümidlərini itirmiş qızın sevdiyi insandan hədiyyə aldığı fatanı taxaraq gəlincik asılan qarmaqla intihar etməsi oldu. Ümumiyyətlə, uşaq evində hər şey – gözləri ümidlə parıldayan uşaqlar, onlara can yandıran, orada sahib olduqları tək yaxşı insan - yaşlı müəllim, işçilərin kimsəsizlərin həyatına laqeyd münasibəti və uşaqlığı çox ağır keçmiş, həyatdan dəfələrlə zərbə almış direktorun intiqamını bu yazıq uşaqlardan alması o qədər gözəl təsvir edilib ki, təsirlənməmək mümkün deyil. Hər səhnə kiçik detallara qədər mükəmməl qurulub. Əvəzolunmaz təsvirlərdən biri də uşaq evində Mamedovun sevdiyi qızın cansız bədəni qarşısında əlində fata donub qalması idi. Bu reaksiyasız duruş həyatında sahib olduğu tək insanı, gələcəyini onsuz təsəvvür etmədiyi birini itirdiyi üçün yaşamın onun üçün artıq heç bir məna daşımamasının ifadəsi idi.Təkcə repressiya deyil, həmçinin, müxtəlif obrazların timsalında ayrı-ayrı ölkələrdə uşaqların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə də geniş məlumat verilir bu kitabda. Ağıllı obrazı ilə bir sıra problemlərə toxunulur, onların həlli üçün yollar təklif edilir. Həyatlarını kiçik bir məhəllədə keçirən uşaqların timsalında isə fərqi dünyagörüşə, maraqlara, əxlaqa malik olan yeniyetmə ve gənclərimizin daxili dünyası ustalıqla açılır.
     Əsərdə hər hissənin əvvəlində verilən dünya ədəbiyyatı nümayəndələrindən sitatlar və Adil Mirseyidin şeir parçaları da ideyanı tamamlamaqla yanaşı əlavə bir canlılıq qatır kitaba. Bütün bu xüsusiyyətləri ilə “Yetmiş Yeddinci Gün“ oxuduğum kitablar sırasında ən cox təsir edənlər və unudulmaz hesab etdiklərimdən oldu. Və həyatıma bir çox şey qatdığı üçün 5 bal aldı...
Hələ də oxumayanlar buraya  ----->  Yetmiş Yeddinci Gün
Bir Ovuc Torpaq,  Sonuncu Ölən Ümidlərdir  haqqında fikirlərimi oxumaq istəyənlər buyursun ;)

24.09.2012     /     11.40 p.m.

Hiç yorum yok: