20 Ağustos 2012 Pazartesi

Elxan Elatlı – Arxalı Canavar

   Tez bir zamanda bitirdiyim Elxan Elatlı kitablarından biri oldu. Və eyni zamanda bu müəllifin ən bəyəndiyim kitabı. Çox sevirəm Elxan Elatlının hadisələri bir-birilə əlaqələndirib oxucunu düşünməyə vadar edən yazı tərzini. Detektiv əsər deyilən zaman ağlıma gələn ilk yazıçılardan birinə çevrilib artıq Elxan Elatlı. Oxucuların çoxu “Xəyanət” adlı kitabına üstünlük versə də, mənim üçün ən gözəl əsəri “Arxalı Canavar” oldu bu müəllifin. Hadisələr o qədər dəqiq qurulub, təsvirlər elə gözəl verilib ki, oxuduqca kitabı əlindən qoymaq istəmirsən. “Görəsən daha nələr baş verəcək?” deyə düşünürsən...
       Elxan Elatlı hadisələri məharətlə əlaqələndirib böyük bir əsər yaratmaqda ustadır. Hər şeyi incə detallarına qədər düşünür və oxucunu özünə bağlayan kitablar ərsəyə gətirir. Bu bacarığında mexanika-riyaziyyat fakültəsini bitirməsinin də böyük rolu var deyə düşünürəm. Eyni zamanda məntiq kitabı müəllifi olan Elxan Elatlı bədii əsər yazarkən də dəqiq elmlərin tamlığından, quruluş mürəkkəbliyindən istifadə edir. Məharətli yazıçı hadisələri dəqiqliklə qurur və hətta oxucuya baş verəcək hadisələri təxmin etməsi üçün izlər qoyaraq yardımçı olur. Beləliklə, detektiv sevənlərin “sevimli əsərlər” siyahısını genişləndirir.
      “Arxalı Canavar”ı əlimə alarkən artıq mükəmməl bir məxfi işin məni gözlədiyini bilirdim. Obrazlar, hadisələr və bütün işin açılması, hər şeyin aydınlaşması üçün lazım olan kiçik detallar necə real görünür oxuyarkən.. İnsan özünü qarmaqarışıq görünən bir işin mərkəzində təsəvvür edir, necə davranacağını, hansı addımı atacağını öncədən düşünməyə başlayır.
      Kitabı bitirdiyim zaman “Bu, onun ən gözəl qurulmuş işidir” desəm də digər kitabları hələlik bir sürpriz olaraq qalırdı mənim üçün. Bu əsər həmçinin Elxan Elatlının ən çox sevilən iki qəhrəmanının – Qanbay Qasımlı və Ələmdar - qarşılaşdığı, məxfi işin açılmasında bərabər çalışdığı fərqli əsərdir. Adətim üzrə əsəri oxuduqdan sonra oxucu fikirləri ilə maraqlandım. Hər uğurlu işdə əhəmiyyətsiz detallara toxunub tənqid edənlər olduğu kimi bu əsər haqqında da mənfi rəylərə rast gəlsəm belə ümumilikdə, oxucuların əksəriyyətinin mənimlə eyni fikirdə olduğunun şahidi oldum. Əsərin məğzinə qiymət verən, hadisələrin əlaqəli davam etməsindən ləzzət alan, önəmsiz təsviri nüansları oxuyarkən hiss etməyən həqiqi oxucuların rəyləri əlbəttə təqdirəlayiqdir.Artıq Elxan Elatlı gözəl detektiv nümunələri ilə oxucuların qəlbini fəth etməyi bacarıb. Onun kimi yazıçılarımız sayəsində kitab səhifələrində öz fikrini bildirən, aktiv olan gənclərimizi görmək məni sevindirir. Və hələ payızda bizi yenə kitabın gözlədiyini düşündükcə daha şox sevinirəm.. “Ən yaxın Planet”in də böyük rəğbət görəcəyini ümid edirəm.
      Sevə-sevə oxuduğum “Arxalı Canavar" məndən 5 bal aldı...
      Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun  -----> Elxan Elatlı

20.08.2012     /     04:25 a.m.                    

Hiç yorum yok: