7 Eylül 2012 Cuma

Elxan Elatlı – Pəncərədə Görünən Kölgə

      Sevdiyim yazıçıdan bir əsər daha bitdi. Pəncərədə görünən kölgə.. Doğrusu, bu əsərin mənə belə təsir edəcəyini düşünməzdim. Hər yeni kitabını bitirdikcə bu detektiv müəllifə heyranlığım daha da artır. Hadisələrin ustalıqla qurulmasına və kiçik detallarına qədər izah olunaraq  hər əsərində fərqli tərzdə açılmasına şahid olmaq yazıçının mükəmməlliyindən xəbər verir. Riyaziyyatda, məntiqdə - dəqiq elmlərdə bacarıqlı olan bir şəxsin ədəbiyyatda da belə uğurlu əsərlər ərsəyə gətirdiyini görmək çox xoşdur. Elxan Elatlı detektiv ədəbiyyatımızın dəyərli nümayəndəsidir. Artıq 6 kitabı ilə tanış olmuşam, ancaq birini möhtəşəm, digərlərini isə ondan bir qədər zəif adlandıra bilmirəm. Mənə görə onun hər əsərinin bir özünəməxsusluğu var.
     Elxan Elatlı kitablarında ən sevdiyim ümumi cəhət bütün oxucuların sevimlisinə çevrilmiş Qara xəfiyyənin soyuqqanlı tərzdə bütün çətin məsələlərin öhdəsindən bacarıqla gəlməsidir. Müəllifin “Görünməyən İzlər”də qələmə aldığı “Bəzən görünməyən izlər görünən izlərdən daha çox şey ifadə edir.” cümləsi “Pəncərədə Görünən Kölgə” üçün də xarakterikdir. Heç kim tərəfindən diqqət edilməyən kiçik nüanslar əsla Qasımlının gözündən qaçmır və dahi xəfiyyəmiz əhəmiyyətsiz görünən detalların arxasınca gedərək, nəhayət məsələnin həll olunması üçün gərəkli olan açarı ələ keçirir. Müəllif bu prosesi elə ustalıqla qurur ki, oxucu nəfəs almadan kitabı bitirməyə can atır. Hətta özümüzü bacarıqlı detektivin yerində düşünür, məsələni açmağa cəhd edirik, amma təəssüflər olsun ki, onun qədər usta ola bilmirik, kiçik detallar bizim də gözümüzdən yayınır.
     “Pəncərədə Görünən Kölgə” əsərində bir ailənin məhvinə şahid oluruq. Səbəb isə sadəcə bir anlıq əsəb olur. Oxuyarkən qatildən ilk andan etibarən şübhələnmişdim. Onun soyuqqanlılığı və kiçik detallara fikir verərək ifadə verməsi polislərdə şübhə yaratmasa da, Qara xəfiyyə kimi mənim də diqqətimi cəlb etmişdi. Sonda açar cümlə hər zaman olduğu kimi Qasımlı tərəfindən verilir: “Kölgə olması üçün neft lampası ilə pəncərə arasında kiminsə dayanması lazımdır.” Müəllifin böyük bir məxfi işi kiçik bir cümlə ilə ümumiləşdirməsini xüsusi qiymətləndirirəm. Oxucu üçün bir müddət sonra sadəcə bu sonluğun xatırlanması əsərdəki hadisəni asanlıqla canlandırmağa kömək edir.
     “Pəncərədə Görünən Kölgə” həcmcə kiçik olsa da, mahiyyət etibarilə çox şey ifadə edir. Burada təkcə ustalıqla qurulmuş bir məxfi iş deyil, hisslərin mükəmməl ifadəsi ilə oxucuların qəlbinə toxuna bilən bir həyat hekayəsi təsvir olunub. Bir anlıq hirslə yox olan həyat, puç olan ümidlər və dumanlı bir görüntüyə çevrilən gələcək. Əsərin sonuna qədər xoş sonluq gözləsəm də, kədərli ancaq təsiri uzun müddət davam edəcək bir nəticə ilə qarşılaşdım. Beləliklə, qarmaqarışıq duyğularla müşayiət olunaraq oxuduğum bu kitab ilə Elxan Elatlı yaradıcılığından daha bir əsər bitirmiş oldum və bu müddət ərzində dəqiqliklə qurulmuş məntiqi məsələdən zövq aldım. “Pəncərədə Görünən Kölgə” məndən 4 bal aldı.

07.09.2012     /      2.30 a.m.

Hiç yorum yok: