7 Haziran 2013 Cuma

Əlibala Hacızadə - Vəfalım Mənim

      Bəlkə də ən uzun müddətə oxuduğum kitab oldu “Vəfalım Mənim”. Amma bu maraqsız olduğuna dəlalət etmir. Sadəcə gündəlik problemlər – praktika, dissertasiya işi və s. sayəsində bir müddət ara verərək tamamlaya bildim bu kitabı. Buna baxmayaraq, “Vəfalım Mənim” bu il oxuduğum ən maraqlı kitablardan birinə çevrildi. 
      Əsəri oxuyarkən müəllifin həyatı ilə də maraqlandım. İnternetdə yer alan məlumatlardan aydın olur ki, Əlibala Hacızadə tam bir ədəbiyyat vurğunu olub. Ömrünü yazıb-yaratmağa həsr edən yazıçı elə bu kitabında da obrazlar vasitəsilə ədəbiyyata olan marağını ifadə edir. Kövrək qəlbli yazıçı bu əsərinə görə bir sıra çətinliklərlə üzləşsə də, yenə də öz sevgisindən - ədəbiyyatdan uzaqlaşmayıb. Əsərdəki ideyalarına, açıq fikirlərinə görə işindən uzaqlaşdırılsa da, Əlibala Hacızadə haqsızlığa qarşı mübarizə aparıb və yenidən öz vəzifəsinə qayıda bilib. 
      “Vəfalım Mənim” 1975-80 illərdə yazılan ən maraqlı əsərlərdən biridir. Hər detalı ilə bu gün də aktuallığını qoruyan bu gözəl əsər həm gündəlik həyatı, həm də iş həyatını bütün gərçəkliyi ilə gözlərimiz qarşısında açır. Əsərdə əsas qəhrəmanları ilə bir-birinə bağlanan üç fərqli hadisə cərəyan edir. Bu hadisələr çərçivəsində yazıçı cəmiyyətdə mövcud olan fərqli xarakterə malik insanları ən kiçik detallarına qədər təsvir edir, mənfi xüsusiyyətləri ifşa edib oxucunu belə insanlara qarşı ehtiyatlı olmağa səsləyir, müsbət cəhətləri isə yüksək qiymətləndirib təbliğ edir. Elmi əsərlər və ədəbiyyat, poeziya fonunda bir-birilə əlaqələnən həyatlar, onları birləşdirən hadisələr, məsələlərin açılmasına aparan gözlənilməz yollar, qarşılaşdıqları müxtəlif situasiyalar qarşısında qəhrəmanların keçırdiyi duyğuların tərənnümü bu kitabın əsasını təşkil edir. 
      Bəzən bezərək, bəzən sadəcə bitirmək üçün, bəzən həvəslə, bəzənsə səhifələrin azaldığına üzülərək oxuduğum bir roman oldu. İkinci hissəni daha çox bəyəndim. Səbəb isə hadisələrin daha çox qarışması və gözləmədiyim sonluqla bitməsi oldu. Oxuyarkən elə səhnələrlə qarşılaşdım ki, bəzən göz yaşlarıma hakim ola bilmədim. Asanlıqla ağlayan biri olmadığım üçün mənə belə təsir bağışlayan kitabların yeri ayrıdı ürəyimdə. Kitabı yaşayaraq oxuyan, hadisələri gözləri qarşısında canlandıraraq yaşayan, özünü qəhrəmanların arasında hiss edən hər bir oxucunun çox təsirlənəcəyi bir romandır.
       Oxuyarkən kitabda bir çox obraza rəğbət yaranır. Mənim üçün sevdiyi insanı itirsə də, onu xatirələrində yaşadan, həyatının bir parçası imiş kimi yoluna davam edən Gülmirə, qarşılaşdığı insanları müşahidə, yaşadığı hər şeyi mühakimə edərək düşüncələrini kağızlara həkk edən, ətrafındakılara münasibətini qələmi ilə ifadə edən Sakit Aranlı, ilk məhəbbətini ömür boyu qoruyub saxlayan, ən ağır zərbəni sevdiyi tərəfindən alsa belə, sevməkdən əsla vazkeçməyən, illər boyu qəlbində daşıdığını sandığı kini sevdiyini çətin anında gördüyü zaman yox edən Əsəd və oğlunun ölümü ilə barışmayıb həyatına davam etsə də, ürəyinin bir tərəfi darmadağın olan ana, mühakimə olunan həyat yoldaşı olmasına baxmayaraq haqsızlığa qarşı çıxıb ədalətlə fikrini söyləyən qadın – Nadirə xanım unudulmaz qəhrəmanlardandır. “Vəfalım Mənim” hər səhnədə özümü obrazların yerinə qoyaraq “ Mən necə davranırdım?” , “Mən necə qərar verərdim?” suallarına cavab axtarmaqla oxuduğum bir kitab oldu. Bəzən onlarla razılaşıb “Mən də eynilə belə davranardım!” deyir, bəzənsə “Yox, əsla mən bu qədər cəsarətli ola bilməzdim!” deyə düşünürdüm oxuyarkən.. 
       Qısacası, bu kitab mənə çox şey qatdı.. Əlibala Hacızadənin qələmi ilə ilk tanışlığımın bu kitab vasitəsilə olması çox xoş oldu. Bu əsəri yarada biləcək belə bir yazıçıya sahib olduğumuz üçün qürur duydum. Sonda oxumadan öz yazıçılarımızı tənqid edənlərə bu kitabla tanış olmağı tövsiyə edirəm. Sevgi, nifrət, sədaqət, xəyanət, yalan və sirlərlə dolu bu roman məndən 5 bal ala bildi...

07.06.2013     /     03:03 a.m

Hiç yorum yok: