30 Nisan 2013 Salı

30.04.2009 - ADNA faciəsi

     30.04.2009 - Bu tarix əsla unudulmayacaq!
     Artıq 4 il keçib, amma hələ də düşündükcə o dəhşətin təsirinin beynimizin, qəlbimizin dərinliyində qaldığını görürük.
     Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsil almasam belə orada olan hər şeyi yaşamış kimiyəm. İnsan istəsə əgər başqalarının dərdinə şərik ola, onunla birlikdə acısını paylaşa, hiss edə bilər. Doğrudur, orada baş verənlər hər kəs üçün hələ də müəmma olaraq qalır, amma ən azından bu dəhşət qarşısında nə hisslər keçirdiklərini, həyəcanlarını, ağrılarını duymaq mümkündür tələbələrin.
      4 il əvvəl ürəklərində imtahan həyəcanı, kursu bitirmə sevinci, qarşıda onları gözləyən magistr imtahanı üçün böyük ümidlər daşıyaraq adi bir gün kimi universitetə gələn tələbələr nə biləcəkdilər həyatlarının son səhərinə göz açdıqlarını, heç günlər deyil, bir saat sonraya qurduqları planların belə alt-üst olacağını...
      Mənə bu gün rəsmi matəm günü kimi tarixə düşən, hər il bir həftə əvvəldən haqqında danışılmağa başlayan günlərdən daha çox təsir edir. Səbəbi?? Heç özüm də dəqiq müəyyənləşdirə bilməmişəm. Variantlarım çoxdu: Bu dəhşətli terrora universitetdə təhsil aldığım müddətdə şahid olmağım, o günahsız gənclərin də bizim kimi böyük ümidlərlə, arzularla, həyat eşqi ilə gələcəyə baxan tələbələr olmağı, digər matəm günlərindən dəyərsiz bilinərək ildönümünün qeyd olunmaması bir kənara qalsın, haqqında belə məlumat verilməməsi...
       Bu günə laqeyd yanaşılması mənə çox pis təsir edir. İlin 360 günü konsert, toy, musiqi - hər şey olur, sadəcə bir gün bunlardan uzaqlaşmaq bu qədər mi çətindir?? Kanallarımızın gündəlik mənasız, intellektdən uzaq verilişlərindən bir günlük imtina edib ADNA'nı xatırlaması qeyri-mümkündür? 30 aprelin hər şey yolunda imiş kimi keçirilməsi, bu qədər gəncin həyata vida etdiyi tarixin tezliklə unudulması insanlıqdan kənardır. Bilmirəm, bəlkə də çox dərinə gedib duyğusal yanaşıram. Amma ən azından bir çoxunun bunları düşünməyini istərdim.
      Unutmayın sabaha zəmanət yoxdur. Heç nə bitmiş deyil, bu hadisənin təkrarlanmayacağına kimsə zəmanət verə bilməz... Və bu gün hər şeyi unudub əyləncəsinə davam edən şəxslər, sabah siz də onların yerində olmayacağınıza əminsiniz?? Bir daha düşünün! Haraya gedirik?? Bu münasibətlə, bu laqeydliklə nəyə doğru addımlayırıq?? Bu millətin deyil, insanlığın məhvidir!
      Bu gündə ən gülünc görünən cahil, şüursuz insanların ADNA'nı yad edənlərə 'Reklam edirsiz?' söyləməsidir. Terrorun da reklamı olar?? 20 yanvar, Xocalı faciəsi xatırlanan zaman televiziya, mətbuat reklam etmiş olur?? Artıq bu cahillikdən qurtulmaq lazımdır. Reklam olduğunu düşünən cahillər, biz xatırlamasaq, kim o günahsız insanları yad edəcək?
      Son sözüm... İstədiyiniz qədər unudun, üzərindən xətt çəkin, görməzlikdən gəlin, amma bu reallıqdır, əsla bu tarixi unudulmağa qoymayacağıq!! Siz konsertinizə gedə bilərsiz, biz - o günahsiz gəncləri, müəllimləri xatırlayan, yad edənlər özümüzə bəsik!!
(P.S. Bu yazım sərt oldu, amma daxilimdə keçirdiyim hissləri kağıza tökməliydim.)

30.04.2013     /     4.36 a.m.

Hiç yorum yok: