18 Nisan 2013 Perşembe

Elxan Elatlı – Seçilmiş Cəza

      Artıq bir ilə yaxındır ki, Elxan Elatlıdan yeni bir şey oxumamışdım.. 2013-cü il üçün ilk detektiv əsər seçimim “Seçilmiş Cəza” oldu. Uzun zamandır məni bu qədər sarsıdan bir kitab oxumurdum. Sirlərlə, müəmmalı hadisələrlə dolu bir kitab.. Müəllifin məntiqini, yaradıcılıq qabiliyyətini yüksək səviyyədə nümayiş etdirdiyi bir əsər.. Oxucuda şok təsiri yaratmağa qadir kitablarından biri oldu mənim üçün “Seçilmiş Cəza”.
    Sadə ailə mövzusu ilə başlayan sonda isə içindən çıxılmaz bir vəziyyət alan bu gözəl əsər uzun müddət təsirindən çıxa bilməyəcəyiniz bir kitabdır. Hadisələr elə qurulub, elə incə-incə işlənib hazırlanıb ki, son səhifələrə qədər intizarda saxlayır oxucunu. Müəllifin hər yeni kitabını oxuduqca "Azərbaycanın ən gözəl detektiv müəllifləri" haqqında düşündüyüm zaman ağlıma gələn ilk isimin Elxan Elatlı olması daha da möhkəmlənir.
     Oxuyarkən əsərin əvvəlində qatilin kim olduğuna dair qəti bir variantımın olması məni sevindirdi. “Bir az da olsa, Qanbay Qasımlı kimi düşünməyə başlamışam”- dedim. Amma sonda qatilin tamamilə başqa birisi olduğunu görəndə  “Yox.. Mən bütün kitabları oxusam belə Qanbay Qasımlıya çata bilmərəm..” deyə düşündüm.. Çook çalışmam gerek çook :)
     Kitabda ailə, sevgi, güvən, dostluq, yalan, ədalət, ilk məhəbbət, peşmanlıq, fərqli seçimlər – bir sözlə, hər şeyə rast gələcəksiniz. Istər – istəməz qəhrəmanların yerində olduğunuzu düşünüb necə addım atacağınızı götür-qoy edəcəksiniz. Maraqla, həvəslə, səbirsizliklə oxuyub, əlinizdən qoymağı düşünməyəcəyiniz bir kitab olacağına əmin ola bilərsiniz.
      Oxuyarkən bunları düşündüm:
 İlk məhəbbət unudulmur deyirlər.. Amma ailəyə bağlılıq, həyat yoldaşına sevgi, hörmət bu hissin üstünü örtməyə məcbur edir insanı.. Keçmişi unutduğunu sanıb hər şeyi yoluna qoyaraq həyatına davam edərkən uzun illər əvvəl sənin üçün vazkeçilməz olsa da, indi qalaqlar altında gizlədiyin o “ilk məhəbbət”in anidən peyda olub böyük çətinliklərlə qurduğun ailəni məhv etməyə cəhd etsə, bu, səni nələrə vadar edə bilər?? Bax, bu zaman “İlk məhəbbət unudulmur!” ifadəsi anlamını itirir. Ilk sevdiyin, həyatının mənası saydığın, onsuz yaşaya bilməyəcəyini zənn etdiyin o insanın bir əzizinə zərər yetirməsi səni tərəddüd etmədən onu məhv etməyə yönəldə bilər. Saf, təmiz sevgiylə dolu bir ana qəlbinin hər zaman qoruma hissi də olur.. Və bu hiss səni narahat etdiyi zaman ağlına deyil, ürəyinin səsinə qulaq verirsən..
      Elxan Elatlıdan oxuduğum ilk əsərdir ki, qatili gönahlandırmaq olmur.. Bu da onu daha mükəmməl, orijinal edir. Oxuduğum müddətdə beynimdə yüzlərlə suallar yaranır və mən onlara cavab tapmaq üçün həvəslə səhifələri çevırməyə davam edirdim.. Bu il oxuduğum kitablar arasında öz fərqliliyi ilə seçilərək ən sevdiklərimdən oldu “Seçilmiş Cəza”. Hər zaman sevimli detektiv yazıçımın mənə “Arxalı Canavar” qədər təsir edəcək daha bir əsəri olacaqmı deyə düşünürdüm. Nəhayət bu sualıma da cavab tapdım.. :)
Sonda əsərdə çox bəyəndiyim bir fikri paylaşıram sizlərlə:
  • Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiniz? Qollu tərəzi... Amma bu mənə indi gülünc görünür. Bəlkə də xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər?
Elxan Elatlının ən sevdiyim əsərlərindən birinə çevrilən "Seçilmiş Cəza" məndən asanlıqla 5 bal aldı.
Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun -----> Elxan Elatlı
18.04.2013       /     04:43 a.m.

Hiç yorum yok: