14 Nisan 2013 Pazar

Hermann Hesse - Demian

     Herman Hesse ilə ilk tanışlığım "Demian"la oldu. Bu kitabı sürünərək oxudum desəm yerinə düşər. Oxucuda maraq doğurmayan əsərlər hər zaman gec bitir. Nə olacağı, nə baş verəcəyi maraqlı gəlmədiyi üçün davam etməyə stimul olmur. Bu da mənim sadəcə bitirmək məqsədilə universitetdə, evdə tapdığım boş vaxtlarda oxuduğum bir kitab oldu.
      Bu əsəri bəyənməməyimdə avtobioqrafik xarakter daşımasından daha çox yazıçının düşüncələri, hadisələrə yanaşma tərzi mühüm rol oynadı. Oxuyarkən həyatda nə istədiyini bilməyən bir insanın uşaqlıq, gənclik xatirələri ilə qarşılaşırıq. Müəllifin həyat, sevgi, din, dünya ilə bağlı düşüncələrinin şahidi oluruq.
      Hermann Hessenin həyatını araşdırdığım zaman da onun müxtəlif sahələrdə işləməsi, ailəsinə münasibəti ilə həyatda dəqiq məqsədi olmayan, öz yolunu tapa bilməyən biri olduğu aydın oldu. Ağır həyat keçirən müəllif 15 yaşında valideynləri tərəfindən ruhi xəstəliklərin müalicəsi üçün yaradılan xəstəxanaya yatırılır. Xəstəxanadan çıxandan sonra həyatına davam edən Hesse ailə həyatı qursa, 3 oğul atası olsa da uğursuzluqlar onu rahat buraxmır. Oğlunun ölümü və həyat yoldaşının psixoloji xəstəliyinin təsiri nəticəsində depressiya mərhələsi keçirən yazıçı yaradıcılığa davam edir. Elə "Demian" da həmin dövrün məhsuludur. Bu avtobioqrafik əsər Hessenin daxili həyəcanlarını, təlatümlü dünyasını Emil Sinkler adlı bir oğlanın həyatı kimi qələmə almasını əhatə edir.
      Doğru deyilir, oxuduğunuz kitabı sevməsəniz belə ona sərf etdiyiniz zamanı vaxt itkisi hesab etməyin, çünki mütləq ondan bir şey qazanacaqsınız. Mənim də ümumi ideya diqqətimi cəlb etməsə belə bəzi fikirlərə maraqsız deyə bilmərəm. İki fərqli dünyanın müqayisəsi, bir şeyi ürəkdən istədiyin zaman onun reallaşması, yaradılan hər sənət əsərinin insanın daxili dünyasının təzahürü olması maraqlı nüanslar olsa da, insanı düşünməyə vadar etsə də, dinin səthi təsviri, "Abraksas" adlı Allah və şeytanı özündə birləşdirən bir varlığın mövcudluğu haqqında düşüncələr və bu varlığa uyğun olaraq edilən günahlara bəraət qazandırılması bəyənmədiyim fikirlərdən oldu.
      Kitab haqqında oxucuların ideyaları ilə tanış olduğum zaman bir çoxunun sevdiyi kitablar arasında yer aldığını gördüm "Demian"ın. Həqiqətən zövqlər müxtəlifdir. Deməli, bir çox insan özünə yaxın, düşüncə tərzinə uyğun nə isə tapa bilib bu kitabdan.
      Sonda kitabı bitirdiyimdə məndə yaranan fikir canlı süjet xəttinin olmaması, darıxdırıcı bir əsər, xatirələr toplusu təsiri bağışlamasından ibarət idi.
Bəyəndiyim fikirlərdən bəziləri:
  • ~ Hamının yaranışı eynidir, lakin hər birimiz sonsuzluğun sıçrayışı, cəhdi olaraq öz şəxsi məqsədimizə yönəlirik. Bir-birimizi anlaya bilərik, amma hər kəs özünü izah edə bilər. 
  • ~ İnsan həyatı onun özünə gedən yol, daha doğrusu, bu yola çıxmaq cəhdi, cığırıdır. Heç kəs sonadək və bütövlükdə özü ola bilməsə də, həmişə buna cəhd edib: kimisi kor-koranə, kimisi şüurla - bir sözlə, kim necə bacarıb. 
  • ~ Bizim gördüyümüz şeylər elə özümüzdə olanlardır. İçimizdə daşıdığımız reallıqdan özgəsi yoxdur. İnsanların çoxu ona görə qeyri-real şeylərlə yaşayırlar ki, xarici təsvirləri reallıq kimi qəbul edirlər, daxili dünyalarını isə qımıldanmağa belə qoymurlar.
"Demian" məndən sadəcə 2 bal ala bildi...

14.04.2013     /     4.59 a.m.
                                                 

Hiç yorum yok: