26 Şubat 2013 Salı

Paulo Coelho - Elif

      Paulo Coelho... Hər zaman əsərlərini maraqla oxuyacağıma inanırdım bu müəllifin. Belə də oldu. Müəlliflə ilk tanışlığım onun aforizmlərini oxumaqla başlasa da, bu cümlələr onun haqqında fikrimin müəyyən qədər formalaşmasında rol oynaya bildi. "ELİF"i oxuduqda isə heyran qaldım bu müəllifə. Kiçik bir aforizm müəllifin yaradıcılığı, dünyagörüşü haqqında təsəvvür yaradırsa, deməli həqiqətən bu müəllif sözləri inci kimi düzərək dərin mənalar ifadə etməyə qadir bir sənətkardır.
       "Elif" avtobioqrafik əsərləri sevməməyimə baxmayaraq 'ən bəyəndiyim kitablar' siyahısına daxil oldu. Əsər müəllifin yaşadığı monoton günlərdən bezib həyatda özünü tapması üçün çarələr axtardığı bir dövrdə Rusiyaya səfərindən bəhs edir. Rahib dostunun ' Həyatının idarəsini əlinə al, beynində olan, səni narahat edən bütün suallara cavab tapacaqsan, hər şeyi anlayacaqsan.' deməsi ilə belə bir addım atmaq qərarına gələn Paulo hər şeydən uzaqlaşmaq üçün səyahətə çıxır. 9288 km.lik yolu qatarla qət edərək müxtəlif şəhərlərdə imza günləri keçirib oxucuları ilə tanış olur, onların kitabları haqqında düşündükləri ilə maraqlanır. Müəllifin təkcə yaşadıqlarını qələmə almaqla kifayətlənməyib öz duyğularını, kimsəyə bildirmədən qəlbinin dərinliklərində keçirdiyi təlatümləri də kağıza tökməsi əsərdə bəyəndiyim nüanslardan biri oldu. Xatirələrində yer alan türk qızını da ən incə detallarına qədər ustalıqla təsvir edib. Bu səyahətdə yazıçıya qarşı dərin sevgi bəsləyən, onu görmək üçün hər şeyi geridə qoyub gələn Hilalın Paulonun çıxdığı bu yolda ona kömək olduğunun şahidi oluruq.
      Müəllif 'işıq çəmbəri' vasitəsilə bir neçə dəfə keçmişdə yaşadığı həyatlara bir anlıq qayıtdığını qeyd edir əsərdə. Kitabda əsas işıqlandırma elə bu mövzu üzərindədir - yazıçının keçmişə səfərində qarşılaşdığı hadisələrlə bağlı yaranan suallar. Paulo keçmişə səyahətdə özünü fransız bir yazıçı və dini məhkəmədə çalışan, günahkarlara əzab verən şəxslərdən biri olaraq görür. Məhkəmədə işgəncəyə məruz qoyaraq günahlarını etiraf etdirməyə çalışdığı səkkiz qızdan bir neçəsi ilə indiki həyatında da qarşılaşdığından bəhs edir yazıçı, bunlardan biri də həyatı boyunca çətinliklərlə üzləşsə də yenə də ümidini itirmədən yaşamağa davam edən türk qızı Hilal olur. Hilalın köməyi ilə axtardığı suallara cavab tapan Paulo keçmişdə edamına səbəb olan bu qızdan üzr istəyir və saf sevgi ilə dolu bir qəlbə sahib olan bu qızın onu hər zaman bagışlayacagına əmin olur. Əvvəlcə bu qıza qarşı fərqli fikirdə olsa da, sonradan ağlına, cəsarətinə, istedadına heyran qaldığı qıza qarşı münasibəti dəyişir. Həyatında mühüm rol oynayan bu qızcığaza dərin hörmət, sevgi bəsləyir.
         Kitabda ən sevdiyim səhnələrdən biri Hilalın məharətlə ifa etdiyi musiqinin təsiri ilə yazıçının  uşaqlığına qayıtması, ailəsi ilə yaşadıqlarını beynində canlandırmasıdır.
        Fərqli mövzuları sevdiyim üçün bu əsəri çox bəyədim. Paulo Coelhonun belə maraqlı insan olduğunu, dinlə, keçmiş həyatlarla bu dərəcədə maraqlandığını təsəvvür etmirdim. Kitab müəllifin maraqlı fikirləri ilə zəngindir. Ləzzət alaraq oxuduğum və bilmədiyim bir çox şeyi öyrəndiyim əsərlərdən biri oldu.
        Yazıçının dinə, insanlara, həyata yanaşma tərzi diqqətəlayiqdir. Dini yaşamın mərkəzində görməsə də, Allaha bağlı biridir. Həyatı isə bir qatara bənzədir, insanların bir-birinin varlığından xəbərsiz fərqli vaqonlarda yaşadığı, həyatın müəyyən anında bir vaqonlardakı yaşamlarını tamamlayıb, digər vaqona keçərək yeni həyata başladıqları bir qatara. Son olaraq kitabın adının izahı mükəmməl verilib. Elif... Sadəcə bir ad kimi yanaşıb, əsərdəki bir obraz olduğunu düşünüb mənasını araşdırmadığım bu sözün məgər necə dərin mənası var imiş. Müəllifin izahı belədir: Həyatda hər birimiz kimi, yaşadığımız Kainat da bir nöqtədən ibarətdir. Elifi təsadüfən kəşf edirik. Bunun reallaşması bir neçə insanın bir nöqtədə qarşılaşması nəticəsində mümkün olur. Və bu zaman keçmişdə yaşadığın bəzi şeylər canlanır gözlərin qarşısında.  
        Maraqlı məlumatlarla zəngin olan bu kitab mənə Paulo Coelhonu daha da sevdirdi. 2006-cı ildə yazıçının yaşadıqları, onun xatirələri ilə tanış olmaqla yanaşı "Elif" mənim üçün həyəcanla oxuduğum, bir sıra fikirlərimin formalaşmasına kömək edən dəyərli bir kitab mənasını ifadə edir.
      "Elif" qəlbimi fəth edib 5 bal aldı...

26.02.2013     /     9.54 p.m          

Hiç yorum yok: