4 Ocak 2013 Cuma

Lucky One

      2013-cü il üçün ilk film seçimim “Lucky One” oldu. Nə zamandır izləməyi nəzərdə tutsam da, bu ilə qismət imiş. Baş rollarında Zac Efron və Taylor Schilling’in olduğu bu romantik dram izləyicilərdən bir çox tənqid alsa da, mənim bəyəndiyim filmlər sırasına daxil oldu. Hər hansı bir filmdə rolu qəbul etmək özü də bir zövq məsələsidir deyə düşünürəm. Artıq izlədiyim neçənci Zac Efron filmidir ki, bütünlüklə məni qane edir. Bu aktyor öz film zövqü ilə, rolu ifa etmək istedadı ilə həmişə məndən müsbət rəy alır. 
Ancaq filmin zövqümə uyğun olmasında yalnızca Zac Efronun rolunu qeyd etmək haqsızlıq olar. Eyni zamanda filmin mövzusu olaraq seçilən əsərin müəllifi Nicholas Sparks da kinonun ərsəyə gəlməsi və bəyənilməsində mühüm mövqeyə malikdir. Hətta son zamanlar ən çox bəyəndiyim filmlər elə bu müəllifin kitablarına çəkilənlər olub desəm yanılmaram. A Walk to Remember, The Notebook, Dear John və son olaraq Lucky One.
Filmin mövzusu haqqında yazmamışdan əvvəl onu qeyd edim ki, giriş hissə mənim kimi müharibəyə aid materialları sevməyən izləyicilər üçün darıxdırıcı görünə bilər. Ancaq hər şey ilk səhnənin üzərində qurulub, səbrlə bir qədər izləsəniz, hər şeydən uzaqlaşıb 100 dəqiqə davam edən sevgi, kədər, şübhə və sirrlərlə dolu bir həyat hekayəsinə şahid olacaqsınız.
Lucky One qəribə bir sevgi macərasından bəhs edir, hər şey bir müəmma olaraq başlayır və getdikcə bütün sirrlər açılır, bütün şübhələr yox olur. Dəniz piyadası olaraq İraqda xidmət edən Logan Thibault əməliyyat zamanı bir neçə əsgərin ölümünə şahid olur. Özü isə baş verən partlayışlardan kiçik yaralarla xilas olur. Dağıntılar arasında günəşin şüaları altında parlayan, arxasında “KEEP SAFE” yazılan bir qız şəkli tapdığı andan etibarən həyatında bir qoruyucu mələyin olduğuna inanır. Xidmətini bitirib geri döndükdən sonra onu “ölümdən xilas edən mələk” olduğuna inandığı, şəkildəki əsrarəngiz qızın axtarışına çıxır. Və əsas hadisələr elə bu zaman başlayır.
Loganın şəkildəki qadını - Bethi taparaq həyatının yeni mərhələsinə qədəm qoyması, bu qadının oğlu ilə dostluğu, yaşamını artıq kiçik bir qəsəbədə davam etdirməsi canlı səhnələrlə izləyicilərə təqdim olunub. Beth’in şəkli necə hər şeyin başlanğıcı olmuşdusa, sirrin üstü açıldığı an iplərin qoparılamasına da o səbəb olur.
Beth qardaşının Loganın sağ qalması üçün öldüyünü düşünür və ona şübhə ilə yanaşmağa başlayır.
Vəziyyətin gərginləşdiyi bir vaxtda Loganın təsadüfən tapdığı əsgər şəkli məsələnin aydınlaşmasına səbəb olur. Qardaşının necə həlak olduğunu öyrənmək üçün hər şeyini fəda etməyə hazır olan Beth Logandan gerçəyi – onun bir dəqiqə belə tərəddüd etmədən əsgərinin həyatını xilas etmək istəyərəkən öldüyünü - öyrənir və böyük haqsızlıq etdiyini anlayır.
Xoşbəxt sonluqla bitən filmləri hər zaman daha çox bəyənirəm. "Lucky One" da canlı səhnələri, maraqlı ssenarisi, güçlü aktyor heyəti, gözəl məkan seçimləri, uğurla uyğunlaşdırılmış musiqi parçaları, və ən önəmlisi mimikalar vasitəsilə sözlərdən daha çox şey ifadə olunduğu filmlərdən biri olması ilə uzun müddət yaddaşımdan silinməyəcək layihələr arasında yerini aldı. Sevə-sevə 5 bal verdiyim filmlərdən oldu ;)

04.01.2013     /     5.09 p.m.

Hiç yorum yok: