20 Ocak 2013 Pazar

A Lot Like Love

Növbəti film seçimim afişası ilə diqqətimi cəlb edən “A lot like love” oldu. Baş rollarında Ashton Kutcher və Amanda Peet’in yer aldığı film 2005-ci ildə işıq üzü görüb. Elə ilk dəqiqələrindən zövqümü oxşayan bu romantik komediya-dram sona qədər marağını itirmədən ən sevdiyim filmlərdən birinə çevrildi. “A lot like love” izləyərkən hər özəlliyi ilə izləyicini özünə aşıq etməyi bacarır. Obrazların duyğularına uyğun seçilən musiqilər, ssenari, rolun ifasının mükəmməlliyi, çəkiliş üçün hazırlanan məkanlar və s... 107 dəqiqə davam edən filmin böyük zəhmətlə ərsəyə gəldiyi aydın görünür. Filmdə zidd xarakterdə olan iki gəncin maqnit kimi bir-birini çəkməsi çox gözəl təsvir olunub. Son ana qədər bu cəzbetməyə rəğmən duyğuların etirafından qaçınılması kinonu daha maraqlı, daha həyəcanlı edir. Şüarı xüsusilə bəyəndim.  There is nothing better than a great romance to ruin a perfectly good reliationship. (Yaxşı dostluğu sevgi münasibətindən başqa heç bir şey məhv edə bilməz.)
Mövzuya gəldikdə qeyd edim ki, hər şey iki gəncin həyatı, duyğuları, yaşayış tərzi, etirafları üzərində qurulub. Oliver və Emily bir səfər zamanı qarşılaşırlar. Gələcək və kariyeradan söhbət gedərkən Oliver internetlə maraqlandığını və bu sahədə uğurlu iş qurmaq üçün ona sadəcə 6 il lazım olduğunu deyir. Planının reallaşacağını sübut etmək üçün isə telefonunu Emily’yə verir. Beləcə ayrılan gənclər öz həyatlarına davam edirlər. Üç ilin sonunda özünü tənha hiss edən Emily köhnə nömrələri nəzərdən keçirərkən Oliveri xatırlayır.
Yeni ili tək keçirmək
istəməyərək tərəddüdlə də olsa zəng etmək qərarına gəlir.
Və beləliklə onların ikinci görüşü baş tutur. Artıq həyatlarında bir çox şey dəyişmişdir. Emily sevgilisindən ayrılmış, Oliver isə arzusunda olduğu işə çox yaxınlaşmışdır. Bayramı qeyd etdikdən sonra cütlük bu görüşü də etirafsız, özlərinin dediyi kimi “heç nəyi məhv etmədən” başa vurur.
2 il sonra yolları yenidən kəsişən Oliver və Emilynin görüşünün nəticəsi digərlərindən fərqsiz olur. Hər ikisi öz maraqları ilə məşğul olmağa davam edir və bu sahədə xeyli irəliləyiş edirlər.
Sonda isə hər şey fərqli olur, Oliver uğursuzluğa düçar olub geri qayıdır və Emiliy’yə sevgisini etiraf etmək qərarına gəlir, ancaq onun nişanlı olduğunu öyrənir. Üçüncü nəticəsiz görüşdən sonra həsrətlə keçən bir müddətin sonunda nəhayət cütlük sevginin burulğanına qapılır. Tərəddüdlər, qürur və yanlış anlaşılmalara baxmayaraq 7 il sonra “heç nə üçün gec deyil!” deyərək münasibətlərinin davam etməsinə izn verirlər.
Maraqlı süjet xətti, əyləncəli səhnələri, aktyorların rollarının öhdəsindən uğurla gəlməsi filmi üzümdə gülümsəmə və ürəyimdə həyəcanla izləməyimə səbəb oldu. Vaxtımı əylənərək keçirdiyim sevimli filmlərdən biri oldu mənim üçün və hər özəlliyi ilə 5 bal aldı məndən. Romantik komediya deyildiyi an ağlıma ilk gələn filmlərdən olacaq“A lot like Love”. ;-)

20.01.2013     /     8.07 p.m.

Hiç yorum yok: