Uzun müddətdir sevimli aktyorumdan yeni bir film
izləmirdim. Ona görə də işdən sonra yorğunluğumu atmaq üçün tərəddüdsüz bir
Topher Grace filmi seçdim. “The Double” uzun zamandır izləməyi planlaşdırdığım
filmlərdən biri idi. Və nəhayət izləmə şansı əldə etdim.. “The Double” elə ilk
dəqiqədən etibarən məni necə bağladısa özünə, 98 dəqiqə sirlərlə dolu bir
dünyanın dərinliklərində hiss etdim özümü.
Baş rollarında Topher Grace və Richard Gere’i
gördüyümüz bu casus filmi 2011-ci il oktyabrın 28i izləyicilərə təqdim olunub. Film haqqında
yazılanları oxuyarkən daha çox tənqid edildiyinə şahid oldum. Əksinə mənim bəyəndiyim
layihələrdən biri oldu. Doğrudur, bəzi səhnələr daha canlı, daha həyəcanverici
çəkilə bilərdi, ancaq sırf bu cəhətə görə filmi zəif adlandırmaq haqsızlıq
olar. Sonda yer alan bəzi sönük səhnələri çıxmaq şərtilə yüksək sürətlə, həyəcanla,
hərəkətli şəkildə davam edən bu film Topher Grace’in uğurlu işlərindən biridir
deyə düşünürəm.
Mövzusu sadə görünsə də, əslində isə qarmaqarışıq
olan bu filmin bəyəndiyim cəhətlərinin ilk sıralarında haqqında danışılan məsələnin
son ana qədər sirr kimi saxlanılmaması oldu. Qaranlıq məqam tezliklə işıqlansa da,
sonluq izləyicinin gözlədiyi kimi olmur. Bu detal ilə də film daha maraqlı və fərqli
görünür.
Aktyorların məharətlə rollarının öhdəsindən gəlməsi,
adrenalini bol, hərəkətli, həyəcanlı səhnələrin yaranmasına səbəb olub. Filmin
mövzusuna gəldikdə, qısaca qeyd edim ki, burada əsl kimliklərini gizli saxlayan
iki casusdan bəhs olunur. Uzun zamandır öldüyünə inanılan “Cassius” adlı qatil
Amerika senatorlarından birinin öldürülməsi ilə yenidən gündəmə gəlir. Cinayətin
yalnızca bu qatilə məxsus metodla – boğazın kəsilməsi ilə törədilməsi onun
ölümü ilə bağlı şübhələr doğurur. Bu işin açılması üçün təqaüddə olan əməliyyatçı
Paul Shepherdson və keçmiş Sovet kəşfiyyatçısı kimi tanınan “Cassius” işi üzrə
ekspert olan gənc polis casusu Ben Geary cəlb olunur. Filmin əvvəlindən Paul
şübhəli davranışları ilə, həvəsli olan Beni işdən uzaqlaşdırmaq üçün əlindən gələni
edərək qəribə görünür. Əməliyyata başlayan bu ikili “Cassius” haqqında məlumatlar
toplamağa başlayarkən eyni metodla törədilən cinayətlər də artmağa üz qoyur. Beləliklə
işində usta olan Ben getdikcə Pauldan şübhələnir. Paralel olaraq öz tədqiqatına
başlayır. Paul isə öz növbəsində bir tədbir görərək, şübhələri üzərindən çəkmək
üçün hal-hazırda Amerikada olan rus terroristi Buzlovskinin “Cassius” olduğunu
iddia edir. Bu iddia ilə barışmayan Ben tədqiqatı nəticəsində gərçəyi öyrənir;
nəinki Paulun “Cassius” olduğundan əmin olur, eyni zamanda onun cinayətlər törətməsinin
kökündə Buzlovskinin başçılığı ilə təşkil olunan həyat yoldaşı və övladının qətlində
əli olan şəxslərin olduğunu aşkarlayır.
Sonda isə Benin də həqiqi kimliyi aşkarlanır. Paul
onun əslində rus casusu olduğunu və işini bitirdikdən sonra geri qayıdacağını
müəyyən edir. Benin həayatını xilas edərək öz vurulmasına göz yumur, ancaq əzəli
düşməni Buzlovskini öldürüb intiqamını almış olur.
Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
“The Double” həyəcan dolu səhnələri, örtülü qalan
sirləri, uğurlu strategiyaları ilə olduğu kimi, duyğusal anları ilə də
yaddaşımda qalacaq. Bu gözəl film sayəsində dəyərli vaxt keçirməklə yanaşı,
sevimli aktyorumu yeni bir obrazla yenidən kəşf etdim. Beləliklə, “The Double”
bir çox özəlliyi ilə sevgimi qazana bildi, Topher Grace filmoqrafiyasının
uğurlu layihələri arasında yerini aldı və sevə-sevə 5 bal verdiyim kinolardan
birinə çevrildi.
Hiç yorum yok:
Yorum Gönder