2013-cü ilin izlədiyim son filmi “Sen Kimsin” oldu.
Baş rolda həm sənətini, həm də xarakterini çox sevdiyim aktyor – Tolga Çeviki
görürük. Filmi izləmə səbəbim də elə bu aktyor oldu desəm daha doğru olar. Artıq bir neçə ildir ki, bu istedadlı insan hər zaman
maraqla izlədiyim, tərərddüdsüz bəyənəcəyimdən əmin olduğum işlərə imza atır.
“Sen Kimsin”i izlədiyim zaman da düşüncəmdə yanılmadığımı gördüm.
Tolga Çevikin həm ssenarisini yazıb, həm də baş rolda
oynadığı bu komediya 2012-ci il mart ayının 2-də tamaşaçı qarşısına çıxıb. 105
dəqiqə davam edən bu filmin sizi hər saniyəsində güldürəcəyinə əmin ola bilərsiniz.
Film başlayarkən hekayə çox sadə görünsə də, bir anda hər şey qarmaqarışıq hal
alır. Bu qarışıq yumağı açmaq isə əsas qəhrəmanımızın vəzifəsidir.
“Sen Kimsin” filmi haqqında izləyənlərin fikirləri ilə
tanış olarkən tənqidlərin çox olduğunu gördüm. “Celal ilə Ceren” filmini izləyib
bəyənib, gülən insanların bu film haqqında zəif deməsi mənə çox qəribə gəldi
doğrusu. Hər halda hər kəsin zarafat anlayışı da intellektual səviyyəsi kimi fərqlidir.
Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv
hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə
hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək
mümkün deyil düşünürəm.
Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf
etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş
etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı
bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı
bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə
çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər
günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə
çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec
bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl
keçirmək üçün gözəl seçimlərdəndir.
Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014 / 06:19 p.m.
Hiç yorum yok:
Yorum Gönder