26 Mart 2014 Çarşamba

Victor Hugo – Notre Dame’in Kamburu

     Nəhayət ilin ilk kitabını bitirdim. Dünya klassiklərindən biri... Notre Dame de Paris...
      İlk olaraq kitabı oxuyarkən fərqli hisslər keçirdiyimi qeyd etməliyəm. Belə ki, əvvəlcə xəyal etdiyim kimi maraqlı başlamasa da, bir müddət sonra həvəslə oxuduğum bir əsərə çevrildi. Sonlara doğru isə hekayənin necə bitəcəyini öyrənməyə can atdığım üçün kitabı su kimi içdim desəm düzgün ifadə etmiş olaram yəqin ki. Həqiqətən bir çox özəlliyi ilə seçilən gözəl əsərdir "Notre Dame de Paris". Oxuduqca Victor Hugo ismini dünyada məşhurlaşdıran, bir çox dillərə tərcümə olunaraq "ən sevilən klassik əsərlər" səviyyəsinə yüksələn bu kitaba aşıq olmamaq mümkün deyil.
      Notre Dame’in Kamburu Victor Hugo’nun 1831-ci ildə yazdığı ən sevilən əsərlərindən biridir. Romanda Fransanın krallıq dövründəki vəziyyəti, insanlarının həyatları, yaşayışı ustaqlıqla təsvir olunur. Bütün bu ümumi məsələlər fonunda isə əlbəttə romantik yazarlara xas özəlliklə məhəbbət yüksək mərtəbəyə qaldırılır. Əsər qarşılıqlı sevgiyə rast gəlmədiyimiz, insanların sadəcə öz mənfəətləri, arzuları üçün yaşadıqları, sadəcə özlərini düşünərək addımladıqları bir dövrdə heç bir ümid gözləmədən, necə qarşılıqsız sevməyin mümkün olduğunu gözlərimiz qarşısına sərir. Romanda hər detalı ilə mükəmməl olan bir insanın daxilən necə boş və çirkin, qüsurlarla doğulan, hər kəsin qorxu ilə yanaşdığı birinin isə necə mükəmməl, saf qəlbə sahib biri ola biləcəyinin şahidi oluruq.
Kitab obrazlarla zəngin olsa da, bitirdiyim zaman oxuyarkən çox şey öyrəndiyim bir neçə obrazı daha yaxşı xatırlayırdım. Quasimodo – sevdiyinə verdiyi dəyərlə, onun
üçün bir an belə tərəddüd etmədən özünü təhlükəyə atması ilə, Claude Frollo – həyatda düzgün yol seçməsinə rəğmən hisslərinə məğlub olub uçuruma doğru sürüklənməsi ilə, Phoebus de Chateaupers – üstün cəhətlərinin fərqində olaraq özünü hər kəsdən fərqləndirməsi, istədiyi insanla oyuncaq kimi oynaması, arzularını digərlərinin duyğularından daha üstün görməsi ilə, Esmeralda – sevgisinə hər zaman sadiq qalması, ən çətin, ümidsiz anlarında belə həyatını xilas etmək üçün ondan üz döndərməməsi ilə, Pierre Gringore – şairlik qabiliyyəti haqqında yüksək fikirdə olsa da, öz mənfəətini hər şeydən əvvəl düşünsə də, kiçik şeylərdəki dərin gözəlliyi duymaq, gizli mənanı anlamaq bacarığı ilə əsla unutmayacağım qəhrəmanlardan oldular.

      Əsər detallı təsvirlərlə zəngin olsa da, oxucunu darıxdırmır, dialoqlar kimi şəhərin, məkanların, insanların təsvirləri də axıb gedir mütaliə zamanı. Kitabı sevməyimdə uğurlu tərcümənin rolunu da mütləq qeyd etməliyəm. Fransaya xas özəlliklərin türk dilində ən uyğun ifadələrlə verilməsi təqdirəlayiqdir. Tamamlanması 6 ay çəkmiş bu romanın niyə bu qədər sevildiyini, müəllifinin şöhrətinə şöhrət qatdığını asanlıqla anlamaq mümkündür oxuduqca. Axıcı dili, dərin anlamlar ifadə etməsi, oxuyucunu özəl bir sehrlə cəzb etməsi, unudulmaz qəhrəmanları, tarixin müəyyən dövründə fransızların yaşayış tərzi, həyatları, duyğu və düşüncələri haqqında geniş məlumat əhatə etməsi ilə "Notre Dame’in Kamburu" həqiqətən bir şahəsərdir. Müxtəlif dövrlərdə çəkilən filmlər, videolar, hazırlanan musiqili tamaşalar da bunu bir daha sübut edir.
                                                                  
      Victor Hugo’nun bu dünyaşöhrətli romanı oxuma müddətim uzun olsa belə həvəslə bitirdiyim və sevdiyim kitablar sırasında yerini aldı. Sonluğu gözlədiyim kimi olmasa da, yazıla biləcək ən təsirli nəticə ilə yenə məni valeh etməyi bacardı. Dünya klassiklərinə müraciət edən hər kəsin ilk sıralarda oxumağını məsləhət gördüyüm bu kitab asanlıqla 5 bal aldı məndən.

26.03.2014     /     00:48 a.m.
                                                       

Hiç yorum yok: