25 Mart 2014 Salı

Anlat İstanbuL

         Son zamanlar kitab oxumaqda yavaşlasam da, film izləmə sürətim olduğu kimi qalıb. :) Bu dəfəki seçimim “Anlat İstanbul” adlı türk filmi oldu. Bu seçimimdə rol oynayan başlıca amil filmin güclü aktyor heyəti oldu. Ancaq gözlədiyimi tapa bilmədim desəm yerində olar. Bu qədər usta isimlərə rəğmən film müsbət rəyimi qazana bilmədi. Həm mövzu, həm də çəkiliş baxımında sönük bir layihə təsiri bağışladı mənə.
İlk olaraq filmin mövzusundan bəhs edim, sonra diqqətimi çəkən məqamlara toxunaram.
       “Anlat İstanbul” ilk dəfə izləyici qarşısına 2005-ci il martın 11i çıxıb. Araşdırdığım zaman filmi mənim kimi bəyənməyənlər olsa da, sevənlərin daha çox olduğunu müşahidə etdim. Hətta bir neçə mükafata belə layiq görülməsi təəccübümə səbəb oldu. İstanbul Film Festivalında “En İyi Film” mükafatını əldə edən “Anlat İstanbul”, həmçinin iki dəfə “En İyi Kadın Oyuncu” və “Umutveren Erkek Oyuncu” mükafatlarını da alıb.
Film 5 rejissorun birgə fəaliyyəti əsasında çəkilib. 5 fərqli nağılı bu qədim şəhərə daşıyan 5 fərqli rejissor... Əslində idaya maraqlıdır, sadəcə əməkdaşlıq zəif olub deyə düşünürəm. Masallara uzaq biri kimi  filmdə təkcə bir obrazdan başqa heç kimi nağıl qəhrəmanına bənzədə bilmədim. :))  Bu layihədə eyni zamanda 5 həyat hekayəsi cərəyan edir və ortaq obrazlarla bir-biri ilə əlaqələnir. 
        İstifadə olunan nağıllar - Fareli Köyün Kavalcısı (Pied Piper), Pamuk Prenses (Snow White), Külkedisi (Cinderella), Uyuyan Güzel (Sleeping Beauty), Kırmızı Başlıklı Kız (Little Red Riding Hood (Little Red Cap) - sayəsində filmdə qədimi, nağıllara xas sehrli atmosfer yaratmaq istənilib, eyni zamanda obrazlar bir qədər müasirləşdirilərək, dəyişikliyə məruz qalaraq indiki İstanbulun sakinlərinə bənzədilib.
         O məsumluğun duyulduğu masallar xəyanət , ehtiras, yalan, riyakarlıq, qorxu, şübhə, təhdid, qəddarlıq dolu həyat hekayələrinə çevrilib. Hər nağıl ayrı bir rejissorun təqdimatında çıxır qarşımıza və bəzi obrazlar vasitəsilə bir-birinə bağlanır. İstanbulun fərqli məkanlarında lentə alınan və 99 dəqiqə davam edən “Anlat İstanbul” daha çox məşhur oyuncu heyəti ilə diqqəti cəlb edir. Altan Erkekli, Erkan Can, Çetin Tekindor, Fikret Kuşkan, Mehmet Günsür, Nejat İşler, Ahmet Mümtaz Taylan, Nürgül Yeşilçay, İsmail Hacıoğlu, Özgü Namal... İzləyərkən bu cür isimlərin necə belə bəsit filmdə oynamağa razılıq verdiyini düşünürdüm. Bəlkə də bu 5’lik layihəsinə dəstək olmaq istəyiblər. Bu ustaların güclü filmlərdə, seriallarda rol aldığına şahid olan hər kəs onları bu sönük filmə yaraşdırmaz haqlı olaraq. İzləyərkən ən çox duyğulandığım Nejat İşlerin səhnələri oldu. Həqiqətən bu aktyor üçün, onun səsi, mimikaları, rola özündən bir şeylər qatması üçün darıxdığımı hiss etdim. 9 yaşlı bu film sanki bu usta isimlərin illər ərzində necə dəyişdiyini də göstərir izləyicilərə.
                İstanbulu gözlərimiz qarşısında hər detalı ilə - sabahı, gecəsi, insanları ilə açan filmi bu cəhətdən bəyənsəm də, yarımçıq qalan hekayələri, sönük səhnələri, bəzi aktyorlarının zəifliyi filmə uyğunlaşa bilməyimə mane oldu. Film əlaqəli 5 nağıldan ibarət layihə kimi təqdim olunsa da, mənə əlaqələndirilməyə çalışılan 5 yarımçıq ideya təsiri bağışladı. 7 cücədən biri olmasaydı mən nağıllarla heç bir bağlılıq olduğunu düşünməzdim belə. :) Azra Akının zəif oyunculuğu isə tam bir xəyal qırıqlığı oldu.
      Rəğbətimi qazanan detallara geldikdə İstanbulun açıq sərgilənməsi ilə yanaşı son nağılın dünyaya gözlərini açmadan canına qıyılmış bir uşağın dilindən danışılması olduğunu qeyd edə bilərəm. Ananın övladı hər an yanındaymış kimi davranması həqiqətən təqdirəlayiq ideyalardan biri idi. Nejat İşlərə isə rolunun heç yaraşmadığını vurğulamalıyam. Onu həmişə təmizqəlbli, sevgidolu, ağır xarakterli bir obraz kimi görməyə öyrəşmişəm. Ancaq bu obrazın da öhdəsindən müvəffəqiyyətlə gəldiyini fəxrlə etiraf etməliyəm.
        Filmin sonu isə əksər türk filmlərinə xas olaraq nəticəsiz quru şəkildə çəkilib. “Anlat İstanbul” mükafatlarına, izləyənlərin tərif dolu rəylərinə rəğmən mənim sevmədiyim filmlərdən biri oldu və sadəcə 2 bal aldı.



25.03.2014      /     07:37 p.m.

Hiç yorum yok: