20 Mart 2016 Pazar

       Son zamanlar blog yazılarımda passiv olmuşam :( İndi isə bir film haqqında yazımla geri dönüş edirəm...
     Məni yenidən yazmağa təşviq edən film nə zamandır izləməyi planlaşdırdığım "Kardeşim Benim" oldu. Hələ kinoteatrlarda göstərilmədən izləyəcəyim filmlər sırasında yerini almışdı. Doğrusu, aktyor qrupu elə də sevdiklərimdən ibarət olmasa belə fraqmenti ilə məni cəzb edən "Kardeşim Benim"i izləmək dünənə qismət imiş.
      Öncə film haqqında əsas məlumatları nəzərinizə çatdırım. "Kardeşim Benim" 15 yanvar böyük ekrana çıxan, baş rollarda Murat Boz, Burak Özçivit və Aslı Enveri gördüyümüz bir komediya dram qarışıq bir filmdir. Azərbaycanda isə 9 fevralda izləyiciləri ilə görüşüb bu kino.


Mövzuya gəldikdə isə sadə bir türk ideyası deyib keçə bilərsiz. Mən də elə deyirəm. :) Ancaq maraqlı səhnələrlə və aktyor seçimi ilə yalnız bəyənilmək üzrə planlaşdırılıb hər şey. Filmdə Ozan və Hakan adlı 2 qardaşdan bəhs olunur. Ataları toy müğənnisi olan bu qardaşların uşaqlığı kənd-kənd gəzərək toyları şənləndirib pul qazanmaqla keçib. Analarını kiçik yaşda itirən Hakan və Ozan arasında münasibət elə o andan pozulsa da, bunu getdikcə anlamağa başlayıblar. hal-hazırda fərqli musiqi tərzlərində irəliləyən qardaşları uzun illər sonra atalarının ölümü bir araya gətirir. Ata ölməzdən öncə onlar üçün kiçik bir video çəkərək onlara həm vəsiyyətini, həm də son istəyini çatdırır. Heç bir zaman onlara deyə bilmədiyi səhvini dolayı yolla anladaraq oğulları arasındakı küskünlüyü də bitirəcəyini düşünür. Məcrubən atalarının son istəyini reallaşdırmağa çalışan Ozan və Hakan bunu tezliklə edib yenidən öz normal həyatlarına qayıtmağı planlaşdırırlar. Ancaq hər şey bu qədər sadə ola bilər mi?

      Film ilk başlarda əyləncəli gəlsə də, sonluğa yaxın hadisələr dramatikləşir. Gülüş və göz yaşları qarışıq izlədiyim filmlərdən oldu. Onu qeyd edim ki, Murat Boz filmin əyləncəli olmasında əsas rol oynayıb deyə düşünürəm. İlk təcrübəsi uğurlu alınan müğənni bu işində də mənim rəğbətimi qazandı, oynadığı rol ilə
öz xarakteri üst-üstə
düşdüyündən olsa gərək. :)
  "Kardeşim Benim"də ən sevdiyim nüans 2 qardaş arasındakı münasibətin ataları tərəfindən bilmədən pozulması və illər sonra yenidən onun vasitəsilə qurulması oldu. Analarının ölümü ilə bir-birindən uzaqlaşan Hakan və Ozan, biri bütün yükü çiyinlərinə alıb uşaqlığını tezliklə yox edərək, digəri isə uşaqlığından qurtulmadan böyüyüb. Sadəcə atalarının son arzusunu yerinə yetirmək üçün bir araya gəlsələr də, aralarındakı qopmaz bağı kəşf etdilər. İstər çətinlikdə olsun, istər ən xoş anlarında bir-birindən əsla uzaq qala bilməyəcəklərini anladılar.

       Hekayə onların həyatını qələmə almağı planlaşdıran müxbir ilə genişlən
dirilib, onun
sayəsində yol macəraları daha maraqlı və ən əsas da sevgi qatılaraq keçir. Zeynep bu macəraya yalnızca işində irəli getməyi planlaşdıraraq atılsa da, onun üçün də hər şey dəyişir. Yazılıb hər kəsə çatdırılan xəbərlərlə ancaq bu xəbərin mərkəzindəki insanlara zərər verəcəyini, bir müddət sonra oxuyanların unudacağı ancaq yaralananların həyatındakı önəmli insanlar olduğunun fərqinə varan Zeynəp üçün artıq işinin heç bir dəyəri qalmır. Qısacası bir yolculuq hər 3 insanın həyatını dəyişdirir.
       Filmdə bəzi misaralarından istifadə olunan o şeiri tapıb oxumasaydım bəs necə şeir vurğunu sayardım özümü? )) Müəllifi Ataol Behramoğlu olan bu şeir həqiqətən filmə çox yaraşmışdı. Buyurun siz də tanış olun...

YAŞADIKLARIMDAN ÖĞRENDİĞİM BİRŞEY VAR

Yaşadıklarımdan öğrendiğim bir şey var:

Yaşadın mı, yoğunluğuna yaşayacaksın bir şeyi

Sevgilin bitkin kalmalı öpülmekten

Sen bitkin düşmelisin koklamaktan bir çiçeği

İnsan saatlerce bakabilir gökyüzüne

Denize saatlerce bakabilir, bir kuşa, bir çocuğa

Yaşamak yeryüzünde, onunla karışmaktır

Kopmaz kökler salmaktır oraya

Kucakladın mı sımsıkı kucaklayacaksın arkadaşını

Kavgaya tüm kaslarınla, gövdenle, tutkunla gireceksin

Ve uzandın mı bir kez sımsıcak kumlara

Bir kum tanesi gibi, bir yaprak gibi, bir taş gibi dinleneceksin

İnsan bütün güzel müzikleri dinlemeli alabildiğine

Hem de tüm benliği seslerle, ezgilerle dolarcasına

İnsan balıklama dalmalı içine hayatın

Bir kayadan zümrüt bir denize dalarcasına

Uzak ülkeler çekmeli seni, tanımadığın insanlar

Bütün kitapları okumak, bütün hayatları tanımak arzusuyla yanmalısın

Değişmemelisin hiç bir şeyle bir bardak su içmenin mutluluğunu

Fakat ne kadar sevinç varsa yaşamak özlemiyle dolmalısın

Ve kederi de yaşamalısın, namusluca, bütün benliğinle

Çünkü acılar da, sevinçler gibi olgunlaştırır insanı

Kanın karışmalı hayatın büyük dolaşımına

Dolaşmalı damarlarında hayatın sonsuz taze kanı

Yaşadıklarımdan öğrendiğim bir şey var:

Yaşadın mı büyük yaşayacaksın, ırmaklara,göğe,bütün evrene karışırcasına

Çünkü ömür dediğimiz şey, hayata sunulmuş bir armağandır

Ve hayat, sunulmuş bir armağandır insana

     Sevgi, bağlılıq, ümid, inadkarlıq, peşmanlıq, qürur, dəstək, qayğı - hər şey tapacağınız bir filmdir "Kardeşim Benim". Murat Bozun özünü əks etməsi, Burak Özçivitin rolun öhdəsindən gəlmək üçün özəl çalışması, Aslı Enverin asan rollarından biri olduğu üçün daha çox əylənməsi, şirinliyi filmə xüsusi rəng qatıb. Mən çox bəyəndim və sevə-sevə 5 bal verirəm. İzləyin peşman olmazsınız. ;)
                                         

İllər keçsə də təsiri əsla keçməyən mahnılarım :)


1) Kaan Tarıman - İçinden Söyle
2) Öztürk - Aldırma
3) Ozan Ünlü - Bu Yüzden
4) Ertuğ - Tek Yürek
5) Bertuğ Cemil - Yağmur
6) Badem - Sen Ağlama
7) Gökhan Türkmen - Rüya
8) Dilemma - Hep Bana
9) Gripin - Böyle Kahpedir Dünya
10) Emre Eydın - Afilli Yalnızlık
11) Yüksek Sadakat - Aklımın İplerini Saldım
12) Pinhani - Sevmekten Usanmam
13) Betül Demir - Başka bir şey
14) Cem Özkan - Dön Bana
15) Asfalt Dunya - Zaman
16) Redd - Her Neyse
17) TNK - Yine Tazı Bekleriz
18) Dört x Dört - Dün Gece


                                                  

                   

1 Ocak 2015 Perşembe

22 Ekim 2014 Çarşamba

♥ Payız Sevgim ♥

        Payızı her detalı ilə çox sevirəm.. Nədənsə bu fəsil qonaq gəldiyi zaman qəlbimi səbəbsiz bir sevinc hissi bürüyür. Yarpaqlar tökülsə belə heç bir fəsildə görmədiyimiz əvəzolunmaz mənzərəsini, sərin, insana huzur bəxş edən mehi, yağmurlu havasını, buludlu səmasını, gecələrinin getdikcə uzanmasını, gəzərkən yarpaqların yaratdığı səsləri, çətirlə daha məsum görünən insanlarını,
axşam olarkən ev-
lərdən gələn işıq-ların ağaclara vuran şüalarını, yağışdan sonra yaranan gölməçələrə düşən əksləri, kiçik bir damlanın suyun üzərində yaratdığı horizontal xətləri,
yağmurunun ətrini, pəncərələrə vuran şiddətli damcılarını,
şimşəyin göy üzünü yaran parlaq izlərini, səsinin insanları
qorxu-
daraq bir-birlərinə
sarılmalarına səbəb olmasını, sevgililərin yağmur damlaları altında əl-ələ
gəzməsini, küçələrin evlərinə tələsən insanlara şahidlik etməsini, havanın sərinliyinə rəğmən evdə ailənin yaratdığı istiliyi, həzin musiqi sədaları altında əldə isti bir fincan qəhvə ilə kitab oxumağın verdiyi həzzin digər fəsillərə nisbətən daha böyük olmasını, ilin son rübündə canlanan xatirələri, yağmurun səsinin müşayiəti ilə səmaya açılan əlləri, ürəyin dərinliklərindən qopub gələrək dildən yavaş-yavaş tökülən duaları, insan nəfəsinin istiliyi ilə havanın sərinliyinin yaratdığı təzadı, şairlərin bu qüsursuz tablodan ilhamlanıb şeirlər yazmasını..
Və ən əsası bütün bu gözəllikləri duyduğum, ifadə edə bildiyim üçün mənə şans verən uca Allahı.. Doğum günümün də təsadüf etdiyi bu fəslin yeri ayrıdı qəlbimdə.. Tanrı mənə bu gözəlliyi hiss etmək fürsəti verdiyi üçün minlərcə dəfə şükürlər olsun...

26 Mart 2014 Çarşamba

Victor Hugo – Notre Dame’in Kamburu

     Nəhayət ilin ilk kitabını bitirdim. Dünya klassiklərindən biri... Notre Dame de Paris...
      İlk olaraq kitabı oxuyarkən fərqli hisslər keçirdiyimi qeyd etməliyəm. Belə ki, əvvəlcə xəyal etdiyim kimi maraqlı başlamasa da, bir müddət sonra həvəslə oxuduğum bir əsərə çevrildi. Sonlara doğru isə hekayənin necə bitəcəyini öyrənməyə can atdığım üçün kitabı su kimi içdim desəm düzgün ifadə etmiş olaram yəqin ki. Həqiqətən bir çox özəlliyi ilə seçilən gözəl əsərdir "Notre Dame de Paris". Oxuduqca Victor Hugo ismini dünyada məşhurlaşdıran, bir çox dillərə tərcümə olunaraq "ən sevilən klassik əsərlər" səviyyəsinə yüksələn bu kitaba aşıq olmamaq mümkün deyil.
      Notre Dame’in Kamburu Victor Hugo’nun 1831-ci ildə yazdığı ən sevilən əsərlərindən biridir. Romanda Fransanın krallıq dövründəki vəziyyəti, insanlarının həyatları, yaşayışı ustaqlıqla təsvir olunur. Bütün bu ümumi məsələlər fonunda isə əlbəttə romantik yazarlara xas özəlliklə məhəbbət yüksək mərtəbəyə qaldırılır. Əsər qarşılıqlı sevgiyə rast gəlmədiyimiz, insanların sadəcə öz mənfəətləri, arzuları üçün yaşadıqları, sadəcə özlərini düşünərək addımladıqları bir dövrdə heç bir ümid gözləmədən, necə qarşılıqsız sevməyin mümkün olduğunu gözlərimiz qarşısına sərir. Romanda hər detalı ilə mükəmməl olan bir insanın daxilən necə boş və çirkin, qüsurlarla doğulan, hər kəsin qorxu ilə yanaşdığı birinin isə necə mükəmməl, saf qəlbə sahib biri ola biləcəyinin şahidi oluruq.
Kitab obrazlarla zəngin olsa da, bitirdiyim zaman oxuyarkən çox şey öyrəndiyim bir neçə obrazı daha yaxşı xatırlayırdım. Quasimodo – sevdiyinə verdiyi dəyərlə, onun
üçün bir an belə tərəddüd etmədən özünü təhlükəyə atması ilə, Claude Frollo – həyatda düzgün yol seçməsinə rəğmən hisslərinə məğlub olub uçuruma doğru sürüklənməsi ilə, Phoebus de Chateaupers – üstün cəhətlərinin fərqində olaraq özünü hər kəsdən fərqləndirməsi, istədiyi insanla oyuncaq kimi oynaması, arzularını digərlərinin duyğularından daha üstün görməsi ilə, Esmeralda – sevgisinə hər zaman sadiq qalması, ən çətin, ümidsiz anlarında belə həyatını xilas etmək üçün ondan üz döndərməməsi ilə, Pierre Gringore – şairlik qabiliyyəti haqqında yüksək fikirdə olsa da, öz mənfəətini hər şeydən əvvəl düşünsə də, kiçik şeylərdəki dərin gözəlliyi duymaq, gizli mənanı anlamaq bacarığı ilə əsla unutmayacağım qəhrəmanlardan oldular.

      Əsər detallı təsvirlərlə zəngin olsa da, oxucunu darıxdırmır, dialoqlar kimi şəhərin, məkanların, insanların təsvirləri də axıb gedir mütaliə zamanı. Kitabı sevməyimdə uğurlu tərcümənin rolunu da mütləq qeyd etməliyəm. Fransaya xas özəlliklərin türk dilində ən uyğun ifadələrlə verilməsi təqdirəlayiqdir. Tamamlanması 6 ay çəkmiş bu romanın niyə bu qədər sevildiyini, müəllifinin şöhrətinə şöhrət qatdığını asanlıqla anlamaq mümkündür oxuduqca. Axıcı dili, dərin anlamlar ifadə etməsi, oxuyucunu özəl bir sehrlə cəzb etməsi, unudulmaz qəhrəmanları, tarixin müəyyən dövründə fransızların yaşayış tərzi, həyatları, duyğu və düşüncələri haqqında geniş məlumat əhatə etməsi ilə "Notre Dame’in Kamburu" həqiqətən bir şahəsərdir. Müxtəlif dövrlərdə çəkilən filmlər, videolar, hazırlanan musiqili tamaşalar da bunu bir daha sübut edir.
                                                                  
      Victor Hugo’nun bu dünyaşöhrətli romanı oxuma müddətim uzun olsa belə həvəslə bitirdiyim və sevdiyim kitablar sırasında yerini aldı. Sonluğu gözlədiyim kimi olmasa da, yazıla biləcək ən təsirli nəticə ilə yenə məni valeh etməyi bacardı. Dünya klassiklərinə müraciət edən hər kəsin ilk sıralarda oxumağını məsləhət gördüyüm bu kitab asanlıqla 5 bal aldı məndən.

26.03.2014     /     00:48 a.m.
                                                       

25 Mart 2014 Salı

Anlat İstanbuL

         Son zamanlar kitab oxumaqda yavaşlasam da, film izləmə sürətim olduğu kimi qalıb. :) Bu dəfəki seçimim “Anlat İstanbul” adlı türk filmi oldu. Bu seçimimdə rol oynayan başlıca amil filmin güclü aktyor heyəti oldu. Ancaq gözlədiyimi tapa bilmədim desəm yerində olar. Bu qədər usta isimlərə rəğmən film müsbət rəyimi qazana bilmədi. Həm mövzu, həm də çəkiliş baxımında sönük bir layihə təsiri bağışladı mənə.
İlk olaraq filmin mövzusundan bəhs edim, sonra diqqətimi çəkən məqamlara toxunaram.
       “Anlat İstanbul” ilk dəfə izləyici qarşısına 2005-ci il martın 11i çıxıb. Araşdırdığım zaman filmi mənim kimi bəyənməyənlər olsa da, sevənlərin daha çox olduğunu müşahidə etdim. Hətta bir neçə mükafata belə layiq görülməsi təəccübümə səbəb oldu. İstanbul Film Festivalında “En İyi Film” mükafatını əldə edən “Anlat İstanbul”, həmçinin iki dəfə “En İyi Kadın Oyuncu” və “Umutveren Erkek Oyuncu” mükafatlarını da alıb.
Film 5 rejissorun birgə fəaliyyəti əsasında çəkilib. 5 fərqli nağılı bu qədim şəhərə daşıyan 5 fərqli rejissor... Əslində idaya maraqlıdır, sadəcə əməkdaşlıq zəif olub deyə düşünürəm. Masallara uzaq biri kimi  filmdə təkcə bir obrazdan başqa heç kimi nağıl qəhrəmanına bənzədə bilmədim. :))  Bu layihədə eyni zamanda 5 həyat hekayəsi cərəyan edir və ortaq obrazlarla bir-biri ilə əlaqələnir. 
        İstifadə olunan nağıllar - Fareli Köyün Kavalcısı (Pied Piper), Pamuk Prenses (Snow White), Külkedisi (Cinderella), Uyuyan Güzel (Sleeping Beauty), Kırmızı Başlıklı Kız (Little Red Riding Hood (Little Red Cap) - sayəsində filmdə qədimi, nağıllara xas sehrli atmosfer yaratmaq istənilib, eyni zamanda obrazlar bir qədər müasirləşdirilərək, dəyişikliyə məruz qalaraq indiki İstanbulun sakinlərinə bənzədilib.
         O məsumluğun duyulduğu masallar xəyanət , ehtiras, yalan, riyakarlıq, qorxu, şübhə, təhdid, qəddarlıq dolu həyat hekayələrinə çevrilib. Hər nağıl ayrı bir rejissorun təqdimatında çıxır qarşımıza və bəzi obrazlar vasitəsilə bir-birinə bağlanır. İstanbulun fərqli məkanlarında lentə alınan və 99 dəqiqə davam edən “Anlat İstanbul” daha çox məşhur oyuncu heyəti ilə diqqəti cəlb edir. Altan Erkekli, Erkan Can, Çetin Tekindor, Fikret Kuşkan, Mehmet Günsür, Nejat İşler, Ahmet Mümtaz Taylan, Nürgül Yeşilçay, İsmail Hacıoğlu, Özgü Namal... İzləyərkən bu cür isimlərin necə belə bəsit filmdə oynamağa razılıq verdiyini düşünürdüm. Bəlkə də bu 5’lik layihəsinə dəstək olmaq istəyiblər. Bu ustaların güclü filmlərdə, seriallarda rol aldığına şahid olan hər kəs onları bu sönük filmə yaraşdırmaz haqlı olaraq. İzləyərkən ən çox duyğulandığım Nejat İşlerin səhnələri oldu. Həqiqətən bu aktyor üçün, onun səsi, mimikaları, rola özündən bir şeylər qatması üçün darıxdığımı hiss etdim. 9 yaşlı bu film sanki bu usta isimlərin illər ərzində necə dəyişdiyini də göstərir izləyicilərə.
                İstanbulu gözlərimiz qarşısında hər detalı ilə - sabahı, gecəsi, insanları ilə açan filmi bu cəhətdən bəyənsəm də, yarımçıq qalan hekayələri, sönük səhnələri, bəzi aktyorlarının zəifliyi filmə uyğunlaşa bilməyimə mane oldu. Film əlaqəli 5 nağıldan ibarət layihə kimi təqdim olunsa da, mənə əlaqələndirilməyə çalışılan 5 yarımçıq ideya təsiri bağışladı. 7 cücədən biri olmasaydı mən nağıllarla heç bir bağlılıq olduğunu düşünməzdim belə. :) Azra Akının zəif oyunculuğu isə tam bir xəyal qırıqlığı oldu.
      Rəğbətimi qazanan detallara geldikdə İstanbulun açıq sərgilənməsi ilə yanaşı son nağılın dünyaya gözlərini açmadan canına qıyılmış bir uşağın dilindən danışılması olduğunu qeyd edə bilərəm. Ananın övladı hər an yanındaymış kimi davranması həqiqətən təqdirəlayiq ideyalardan biri idi. Nejat İşlərə isə rolunun heç yaraşmadığını vurğulamalıyam. Onu həmişə təmizqəlbli, sevgidolu, ağır xarakterli bir obraz kimi görməyə öyrəşmişəm. Ancaq bu obrazın da öhdəsindən müvəffəqiyyətlə gəldiyini fəxrlə etiraf etməliyəm.
        Filmin sonu isə əksər türk filmlərinə xas olaraq nəticəsiz quru şəkildə çəkilib. “Anlat İstanbul” mükafatlarına, izləyənlərin tərif dolu rəylərinə rəğmən mənim sevmədiyim filmlərdən biri oldu və sadəcə 2 bal aldı.



25.03.2014      /     07:37 p.m.

23 Mart 2014 Pazar

The Double

      Uzun müddətdir sevimli aktyorumdan yeni bir film izləmirdim. Ona görə də işdən sonra yorğunluğumu atmaq üçün tərəddüdsüz bir Topher Grace filmi seçdim. “The Double” uzun zamandır izləməyi planlaşdırdığım filmlərdən biri idi. Və nəhayət izləmə şansı əldə etdim.. “The Double” elə ilk dəqiqədən etibarən məni necə bağladısa özünə, 98 dəqiqə sirlərlə dolu bir dünyanın dərinliklərində hiss etdim özümü.
Baş rollarında Topher Grace və Richard Gere’i gördüyümüz bu casus filmi 2011-ci il oktyabrın 28i  izləyicilərə təqdim olunub. Film haqqında yazılanları oxuyarkən daha çox tənqid edildiyinə şahid oldum. Əksinə mənim bəyəndiyim layihələrdən biri oldu. Doğrudur, bəzi səhnələr daha canlı, daha həyəcanverici çəkilə bilərdi, ancaq sırf bu cəhətə görə filmi zəif adlandırmaq haqsızlıq olar. Sonda yer alan bəzi sönük səhnələri çıxmaq şərtilə yüksək sürətlə, həyəcanla, hərəkətli şəkildə davam edən bu film Topher Grace’in uğurlu işlərindən biridir deyə düşünürəm.
       Mövzusu sadə görünsə də, əslində isə qarmaqarışıq olan bu filmin bəyəndiyim cəhətlərinin ilk sıralarında haqqında danışılan məsələnin son ana qədər sirr kimi saxlanılmaması oldu. Qaranlıq məqam tezliklə işıqlansa da, sonluq izləyicinin gözlədiyi kimi olmur. Bu detal ilə də film daha maraqlı və fərqli görünür. 
     Aktyorların məharətlə rollarının öhdəsindən gəlməsi, adrenalini bol, hərəkətli, həyəcanlı səhnələrin yaranmasına səbəb olub. Filmin mövzusuna gəldikdə, qısaca qeyd edim ki, burada əsl kimliklərini gizli saxlayan iki casusdan bəhs olunur. Uzun zamandır öldüyünə inanılan “Cassius” adlı qatil Amerika senatorlarından birinin öldürülməsi ilə yenidən gündəmə gəlir. Cinayətin yalnızca bu qatilə məxsus metodla – boğazın kəsilməsi ilə törədilməsi onun ölümü ilə bağlı şübhələr doğurur. Bu işin açılması üçün təqaüddə olan əməliyyatçı Paul Shepherdson və keçmiş Sovet kəşfiyyatçısı kimi tanınan “Cassius” işi üzrə ekspert olan gənc polis casusu Ben Geary cəlb olunur. Filmin əvvəlindən Paul şübhəli davranışları ilə, həvəsli olan Beni işdən uzaqlaşdırmaq üçün əlindən gələni edərək qəribə görünür. Əməliyyata başlayan bu ikili “Cassius” haqqında məlumatlar toplamağa başlayarkən eyni metodla törədilən cinayətlər də artmağa üz qoyur. Beləliklə işində usta olan Ben getdikcə Pauldan şübhələnir. Paralel olaraq öz tədqiqatına başlayır. Paul isə öz növbəsində bir tədbir görərək, şübhələri üzərindən çəkmək üçün hal-hazırda Amerikada olan rus terroristi Buzlovskinin “Cassius” olduğunu iddia edir. Bu iddia ilə barışmayan Ben tədqiqatı nəticəsində gərçəyi öyrənir; nəinki Paulun “Cassius” olduğundan əmin olur, eyni zamanda onun cinayətlər törətməsinin kökündə Buzlovskinin başçılığı ilə təşkil olunan həyat yoldaşı və övladının qətlində əli olan şəxslərin olduğunu aşkarlayır.
      Sonda isə Benin də həqiqi kimliyi aşkarlanır. Paul onun əslində rus casusu olduğunu və işini bitirdikdən sonra geri qayıdacağını müəyyən edir. Benin həayatını xilas edərək öz vurulmasına göz yumur, ancaq əzəli düşməni Buzlovskini öldürüb intiqamını almış olur.
Sirlər isə sadəcə bu iki casusa aydın olur. Benin sirrini “Cassius” ölərək gizli saxlayır. Paulun sirri isə Benin ona olan borcunu ödəyərək “Cassius”un Buzlovski olduğunu isbat etməsi ilə gizli qalır. Son səhnədə isə Benin ölkəsinə qayıtmaqdan vazkeçib ailəsinin yanına gəldiyinin şahidi oluruq.
        “The Double” həyəcan dolu səhnələri, örtülü qalan sirləri, uğurlu strategiyaları ilə olduğu kimi, duyğusal anları ilə də yaddaşımda qalacaq. Bu gözəl film sayəsində dəyərli vaxt keçirməklə yanaşı, sevimli aktyorumu yeni bir obrazla yenidən kəşf etdim. Beləliklə, “The Double” bir çox özəlliyi ilə sevgimi qazana bildi, Topher Grace filmoqrafiyasının uğurlu layihələri arasında yerini aldı və sevə-sevə 5 bal verdiyim kinolardan birinə çevrildi.

23.03.2014      /      01:32 p.m.

2 Şubat 2014 Pazar

Sen Kimsin?

      2013-cü ilin izlədiyim son filmi “Sen Kimsin” oldu. Baş rolda həm sənətini, həm də xarakterini çox sevdiyim aktyor – Tolga Çeviki görürük. Filmi izləmə səbəbim də elə bu aktyor oldu desəm daha doğru olar. Artıq bir neçə ildir ki,  bu istedadlı insan hər zaman maraqla izlədiyim, tərərddüdsüz bəyənəcəyimdən əmin olduğum işlərə imza atır. “Sen Kimsin”i izlədiyim zaman da düşüncəmdə yanılmadığımı gördüm.
Tolga Çevikin həm ssenarisini yazıb, həm də baş rolda oynadığı bu komediya 2012-ci il mart ayının 2-də tamaşaçı qarşısına çıxıb. 105 dəqiqə davam edən bu filmin sizi hər saniyəsində güldürəcəyinə əmin ola bilərsiniz. Film başlayarkən hekayə çox sadə görünsə də, bir anda hər şey qarmaqarışıq hal alır. Bu qarışıq yumağı açmaq isə əsas qəhrəmanımızın vəzifəsidir.
       “Sen Kimsin” filmi haqqında izləyənlərin fikirləri ilə tanış olarkən tənqidlərin çox olduğunu gördüm. “Celal ilə Ceren” filmini izləyib bəyənib, gülən insanların bu film haqqında zəif deməsi mənə çox qəribə gəldi doğrusu. Hər halda hər kəsin zarafat anlayışı da intellektual səviyyəsi kimi fərqlidir.
      Filmin nədən bəhs etdiyinə gəldikdə ilk əvvəl bəsit bir detektiv hekayə olduğunu qeyd edim. Ancaq aktyorlar mimikaları, zarafatları ilə izləyicilərə bu sadə hekayəni o qədər gözəl əks etdirir ki, bu səbəbdən bəyənməmək mümkün deyil düşünürəm.
      Filmdə Tolga Çevik bir detektivi canlandırır. Etiraf etməliyəm ki, hər zaman olduğu kimi bu obrazın da öhdəsindən ustalıqla gəlib. Bir ögey ananın bu sevimli detektivin yanına gələrək qızını tapmağını ondan xahiş etməsi ilə başlanan hekayə saf xəfiyyənin hər təhlükəni dəf etməyə çalışaraq həyatı bahasına belə olsa qızı axtarmaq cəhdləri ilə davam edir. Bir müddət sonra adı bir qaçırılma məsələsi hər kəsin şübhəli bir hal aldığı mürəkkəb bir problemə çevrilir. Gizlənən sirlər, söylənən yalanlar, oynanılan oyunlar, qurulan tələlər günahkar hesab olunan məsumlar izləyərkən bol enerjili bir macəranın şahidinə çevirir bizləri. Oyunlar pozulub, qaranlıq nüanslar işıqlandıqca filmin gec bitməyini arzulayırdım. Xoşbəxt sonluqla bitən bu komedik macəra vaxtımızı gözəl keçirmək üçün gözəl seçimlərdəndir.
                   


      Filmdə Tolga Çeviklə yanaşı Köksal Engör, Mahir İpek, Toprak Sergen, Zeynep Özder, Pelin Körmükçü kimi sevilən aktyorların da rol alması “Sen Kimsin”i daha maraqlı və gülməli edib.
      İstanbulun müxtəlif məkanlarında 6 həftə müddətinçəkilən"Sen Kimsin?" bəyəndiyim komediyalardan birinə çevrildi. Xüsusən də Tolga Çevikin performansı unudulmaz oldu mənim üçün. Filmin qurğusu bir qədər zəif olsa da, bu, izləyərkən məni narahat etmədi. Mənasız zarafatlarla zəngin komediyaların əksinə “Sen Kimsin” həm güldürüb, həm də düşündürdüyü üçün zövqümə uyğun oldu. Beləliklə, işdə izləyərkən məni yorğunluqdan uzaqlaşdıran, həftəsonumu boş yerə məhv etməyimə əngəl olan bu komediya bir çox detalı ilə sevgimi qazanaraq məndən 4 bal alır.
02.02.2014      /     06:19 p.m.