10 Ağustos 2013 Cumartesi

The Vow

The Vow” 2012-ci ildə izlədiyim ən gözəl romantik filmlərdən biridir. Həmin ildə ən çox izlənən filmlərdən biri olan “The Vow” yaşanmış həyat hekayəsi əsasında qələmə alınıb. Romantik dram janrında olan bu filmin baş rollarında Channing Tatum və Rachel McAdams’ı görürük. Kin və Krickitt Carpenter cütlüyünün eyniadlı kitabından filmə uyğunlaşdırılan bu təsirli hekayə izləyərkən məni həm düşündürdü, həm də gözyaşlarına boğdu.
Filmdə toylarından bir müddət sonra avtomobil qəzası nəticəsində yaddaşını itirən qadınla həyat yoldaşının çətinliklərlə dolu həyatından bəhs olunur. Hər şey öz yolunda mükəmməl davam edərkən bir qəza bütün yaşananları məhv edir, ən acısı isə geriyə təsəlli tapılacaq xatirələrin belə qalmamasıdır.
Paige onu dəli kimi sevən Leo'nu xatırlamasa, ona yad bir insan kimi davransa belə, Leo həyatının eşqini geri qaytarmaqdan, onun sevgisini yenidən qazanmaqdan əsla vazkeçmir.
Sevgilərinin sübutu üçün durmadan dəlillər axtaran bu gənc sevdiyi qadını ən gözəl günlərinin keçdiyi evlərinə gətirməyi bacarsa da, onun yaddaşının qayıtmasına heç bir təsiri olmur. Paige’in xatırladığı isə sadəcə Leo ilə tanışlığına qədər olan həyatıdır. Buna görə də, çarəsiz qalan Leo’nu geridə qoyub xatirələrlə zəngin olan evə - valideynlərinin yanına qayıdır. Hətta niyə bütün sevdiklərindən ayrılıb, nişanlısı əvəzinə başqa biri ilə evləndiyi üçün təəccüblənir. Və sonda gerçəyi öyrəndikdən sonra atasının onu əvvəlki həyatına qaytarmaq cəhdi puç olur.
Yaxın rəfiqəsinin atası ilə münasibətindən xəbər tutan Paige hekayəsində tamamlanmamış hissələri birləşdirərək hər şeyin fərqinə varır.
Yenidən ailəsindən uzaqlaşıb həyatına davam edərkən Leo ilə evlilik andlarının yazıldığı kartlar əlinə keçir. Nəhayət. Yalanlarla dolu həyatında tək doğrunun onu bütün yaşananlara rəğmən qarşılıqsız sevənin bu çarəsiz gənc olduğunu anlayır.
Filmin sonunda bu cütlüyün gələcəyə doğru yeni bir addım attıqlarının şahidi oluruq. Heç bir şey əvvəlki kimi olmasa da, onları ayrılmaz tellərlə bağlayan andları yenidən qovuşmalarına səbəb olur.
      Channing Tatum izlədiyim müxtəlif filmlərdəki obrazları ilə sevdiyim aktyorlardan biri idi, ancaq bu filmi ilə qəlbimdə özünə bir taxt qurdu. Filmin bu qədər güclü alınmasında sözsüz ki, aktyorların rolu əvəzsizdr. Rollarını o qədər gözəl, ustalıqla, hiss edərək ifa edirlər ki, izləyərkən o dəhşətli hadisəni yaşayan sevgililərin elə onlar olduğunu düşünürsən.
2012-ci il fevralın 10-u izləyicilərə təqdim olunan bu film ilk andan böyük tərifə məruz qalıb və eyni zamanda bir sıra mükafatlara layiq görülüb. Ən uğurlu romantik dramlardan biri kimi tanınan “The Vow” filminə baxmağı hər kəsə məsləhət görürəm. Filmin davam etdiyi 104 dəqiqə ərzində öz həyatınızı nəzərdən keçirib yaşadığınız hər günə, hər ana şükr edəcəksiniz.

    Əminəm hər kəsin unutmamağa çalışdığı, daim yaddaşının dərinliklərində qoruyub saxladığı özəl xatirələri var. Bir an bunların silindiyini düşünmək belə həyatı mənasızlaşdırır. Sadəcə güc toplayaraq yenidən həyatdan yapışmaq və boşluqları yeni gözəl xatirələrlə doldurmaq lazımdır. Yenidən doğulub, yenidən irəliyə doğru addımlamaq... bu haqda düşünmək necə də asan görünür, bir də bunları yaşayanlar var... Filmdə isə bu, mükəmməl şəkildə ifadə olunub. Vaxtını dəyərli keçıtmək istəyənlər, öyrəşdiyi oxşar sevgi hekayələrindən fərqli bir sevgi macərasının şahidi olmaq istəyənlər üçün “The Vow” uğurlu seçimdir. Yalansız sevginin, bağlılığın, fədakarlığın hər anında duyulduğu bu filmə sevə-sevə 5 bal verirəm.

10.08.2013     /     03:11 a.m.

Hiç yorum yok: