30 Ağustos 2013 Cuma

2013 Summer Holiday

      Bu gün sizə yay tətilimdən bəhs edim. Sözün əsl mənasında bərbad keçən ayların sonunda bu tətili səbirsizliklə gözləyirdim. Yalnızca avqustun sonunda hər şeydən uzaqlaşıb qısa da olsa unudulmaz bir tətil keçirmək nəsib oldu mənə. Tətil üçün seçilən məkan Azərbaycanın ən gözəl guşələrindən biri olan İsmayıllıdakı Şahbulaq istirahət mərkəzi idi. Beləliklə uzun müddətdir reallaşmağını gözlədiyim arzuma qovuşdum.. Səyahət başladı..
İlk əvvəl onu qeyd edim ki, dağların qoynunda yerləşdiyindən bu istirahət mərkəzinə gedilən yollar sürücülərə bir qədər çətinlik törədir. Həyəcanlı yolculuqdan sonra nəhayət tətilimin ən gözəl günləri başladı.
Şəhər elə avtobusdan seyr edərkən belə məni cəlb etməyi bacardı. Yamyaşıl ağacları, tərtəmiz havası, gözoxşayan mənzərəsi ilə hər kəsi məftun edən məkan – İsmayıllı. Yol boyu İsmayıllıda istirahət üçün bir çox gözəl mərkəzlərin olduğunu gördüm. Ancaq “Şahbulaq” istirahət mərkəzində olduğum üçün sadəcə bu yer haqqında geniş məlumat verəcəyəm sizlərə.

      “Şahbulaq” dağların qoynunda yerləşən, sakit, huzur dolu, istirahətə gələnlər üçün hər cür şəraitə malik gözəl bir məkandır. Hər tərəfi yaşıl ağaçlarla əhatələnmiş kiçik koteclər, açıq havada yeyilən yeməklər, dağların yaratdığı rəsm tablosunu xatırladan gözoxşayan mənzərə bu istirahət mərkəzinin əsasını təşkil edir. “Şahbulaq”ın daha bir üstünlüyü isə burada Azəbaycanın digər səfalı yerlərinə turların təşkil olunmasıdır. İstirahətim ərzində Qəbələ, Lahıc, İvanovkanı da görmək şansı əldə etdim turlar sayəsində. Bu gözəl istirahət məkanı gülərüz, səmimi personalı ilə də məndən yüksək bal aldı.
     Qəbələdə göl kənarında çay keyfi, Qəbəland əyləncə mərkəzində maraqlı atraksionlar, Lahıcda tarixiliyin izlərini duymaq, bu kəndin səmimi insanları ilə tanışlıq, məscidə ziyarət və muzeydə tarixə aid maraqlı faktlar öyrənmək, İvanovkada göl mənzərəli məkanda kollektiv çay qonaqlığı və sakit, təmiz küçələrdə gəzinti mənim üçün unudulmaz məqamlardan oldu. Doğma İçəriçəhərə bənzəyən daşlı-qayalı küçələri, tarixilik qoxulu atmosferi ilə Lahıc daha çox zövqümcə oldu. Bu məkanları yalnızca gəzib əylənməklə kifayətlənmədim. Eyni zamanda çox maraqlı məlumatlar da öyrəndim. “Ögey Ana” filmində yer alan məkanlardan biri – sıldırım qayalı dağları birləşdirən, öz gözəlliyini indiyə qədər qoruyub saxlayan körpünün İsmayıllıda olduğunu bilirdinizmi? Buyurun virtual olaraq körpüdən keçə bilərsiniz. Elə mən özüm də belə keçmişəm.. :))) 
       Onu da qeyd edim ki, məkan o qədər gözəldir ki, turlar olmayan günlər o təmiz havada, isti atmosferdə darıxmaq imkanın olmur. Necə deyərlər, tənbəllik üçün ən gözəl fəsil yaydır. Burada heç bir şey etmədən dincəlməyin keyfini çıxarmaq mümkündür. Amma əlbəttə mən burada da kitab oxumaqdan əl çəkmədim. Bu dəfəki seçimim isə Arthur Conan Doyle'dan - Sherlock Holmes'in Dönüşü oldu. Kitab haqda növbəti yazımı gözləyin. ;)
     Sonda həvəslə başladığım tətilimi bu gözəl məkandan ayrılmaq istəməyərək bitirdim. Siz də bütün problemlərinizdən, gündəlik qayğılarınızdan uzaqlaşıb təbiət qoynunda bir neçə gün keçirmək, yay tətilinizə rəng qatmaq, bir-birindən gözəl məkanlarla tanış olmaq, şəkil arxivinizi genişləndirmək, günəşin qızmar şüalarından uzaqlaşıb sərin təbiətin qoynunda gizlənmək istəyirsinizsə, İsmayıllı – “Şahbulaq” istirahət mərkəzi sizin üçün əvəzolunmaz ünvandır. Mütləq növbəti tətilinizdə oraya baş çəkin, mənə haqq qazandıracağınızdan əminəm. Bu da mənim gözümdən İsmayıllı :D Hələlik.....

30.08.2013     /     07:35 p.m.

10 Ağustos 2013 Cumartesi

The Vow

The Vow” 2012-ci ildə izlədiyim ən gözəl romantik filmlərdən biridir. Həmin ildə ən çox izlənən filmlərdən biri olan “The Vow” yaşanmış həyat hekayəsi əsasında qələmə alınıb. Romantik dram janrında olan bu filmin baş rollarında Channing Tatum və Rachel McAdams’ı görürük. Kin və Krickitt Carpenter cütlüyünün eyniadlı kitabından filmə uyğunlaşdırılan bu təsirli hekayə izləyərkən məni həm düşündürdü, həm də gözyaşlarına boğdu.
Filmdə toylarından bir müddət sonra avtomobil qəzası nəticəsində yaddaşını itirən qadınla həyat yoldaşının çətinliklərlə dolu həyatından bəhs olunur. Hər şey öz yolunda mükəmməl davam edərkən bir qəza bütün yaşananları məhv edir, ən acısı isə geriyə təsəlli tapılacaq xatirələrin belə qalmamasıdır.
Paige onu dəli kimi sevən Leo'nu xatırlamasa, ona yad bir insan kimi davransa belə, Leo həyatının eşqini geri qaytarmaqdan, onun sevgisini yenidən qazanmaqdan əsla vazkeçmir.
Sevgilərinin sübutu üçün durmadan dəlillər axtaran bu gənc sevdiyi qadını ən gözəl günlərinin keçdiyi evlərinə gətirməyi bacarsa da, onun yaddaşının qayıtmasına heç bir təsiri olmur. Paige’in xatırladığı isə sadəcə Leo ilə tanışlığına qədər olan həyatıdır. Buna görə də, çarəsiz qalan Leo’nu geridə qoyub xatirələrlə zəngin olan evə - valideynlərinin yanına qayıdır. Hətta niyə bütün sevdiklərindən ayrılıb, nişanlısı əvəzinə başqa biri ilə evləndiyi üçün təəccüblənir. Və sonda gerçəyi öyrəndikdən sonra atasının onu əvvəlki həyatına qaytarmaq cəhdi puç olur.
Yaxın rəfiqəsinin atası ilə münasibətindən xəbər tutan Paige hekayəsində tamamlanmamış hissələri birləşdirərək hər şeyin fərqinə varır.
Yenidən ailəsindən uzaqlaşıb həyatına davam edərkən Leo ilə evlilik andlarının yazıldığı kartlar əlinə keçir. Nəhayət. Yalanlarla dolu həyatında tək doğrunun onu bütün yaşananlara rəğmən qarşılıqsız sevənin bu çarəsiz gənc olduğunu anlayır.
Filmin sonunda bu cütlüyün gələcəyə doğru yeni bir addım attıqlarının şahidi oluruq. Heç bir şey əvvəlki kimi olmasa da, onları ayrılmaz tellərlə bağlayan andları yenidən qovuşmalarına səbəb olur.
      Channing Tatum izlədiyim müxtəlif filmlərdəki obrazları ilə sevdiyim aktyorlardan biri idi, ancaq bu filmi ilə qəlbimdə özünə bir taxt qurdu. Filmin bu qədər güclü alınmasında sözsüz ki, aktyorların rolu əvəzsizdr. Rollarını o qədər gözəl, ustalıqla, hiss edərək ifa edirlər ki, izləyərkən o dəhşətli hadisəni yaşayan sevgililərin elə onlar olduğunu düşünürsən.
2012-ci il fevralın 10-u izləyicilərə təqdim olunan bu film ilk andan böyük tərifə məruz qalıb və eyni zamanda bir sıra mükafatlara layiq görülüb. Ən uğurlu romantik dramlardan biri kimi tanınan “The Vow” filminə baxmağı hər kəsə məsləhət görürəm. Filmin davam etdiyi 104 dəqiqə ərzində öz həyatınızı nəzərdən keçirib yaşadığınız hər günə, hər ana şükr edəcəksiniz.

    Əminəm hər kəsin unutmamağa çalışdığı, daim yaddaşının dərinliklərində qoruyub saxladığı özəl xatirələri var. Bir an bunların silindiyini düşünmək belə həyatı mənasızlaşdırır. Sadəcə güc toplayaraq yenidən həyatdan yapışmaq və boşluqları yeni gözəl xatirələrlə doldurmaq lazımdır. Yenidən doğulub, yenidən irəliyə doğru addımlamaq... bu haqda düşünmək necə də asan görünür, bir də bunları yaşayanlar var... Filmdə isə bu, mükəmməl şəkildə ifadə olunub. Vaxtını dəyərli keçıtmək istəyənlər, öyrəşdiyi oxşar sevgi hekayələrindən fərqli bir sevgi macərasının şahidi olmaq istəyənlər üçün “The Vow” uğurlu seçimdir. Yalansız sevginin, bağlılığın, fədakarlığın hər anında duyulduğu bu filmə sevə-sevə 5 bal verirəm.

10.08.2013     /     03:11 a.m.