Bəlkə
də ən uzun müddətə oxuduğum kitab oldu “Vəfalım Mənim”. Amma bu maraqsız
olduğuna dəlalət etmir. Sadəcə gündəlik problemlər – praktika, dissertasiya işi
və s. sayəsində bir müddət ara verərək tamamlaya bildim bu kitabı. Buna baxmayaraq, “Vəfalım
Mənim” bu il oxuduğum ən maraqlı kitablardan birinə çevrildi.
Əsəri oxuyarkən
müəllifin həyatı ilə də maraqlandım. İnternetdə yer alan məlumatlardan aydın olur
ki, Əlibala Hacızadə tam bir ədəbiyyat vurğunu olub. Ömrünü yazıb-yaratmağa
həsr edən yazıçı elə bu kitabında da obrazlar vasitəsilə ədəbiyyata olan marağını
ifadə edir. Kövrək qəlbli yazıçı bu əsərinə görə bir sıra çətinliklərlə üzləşsə
də, yenə də öz sevgisindən - ədəbiyyatdan uzaqlaşmayıb. Əsərdəki ideyalarına,
açıq fikirlərinə görə işindən uzaqlaşdırılsa da, Əlibala Hacızadə haqsızlığa
qarşı mübarizə aparıb və yenidən öz vəzifəsinə qayıda bilib.
“Vəfalım Mənim” 1975-80
illərdə yazılan ən maraqlı əsərlərdən biridir. Hər detalı ilə bu gün də
aktuallığını qoruyan bu gözəl əsər həm gündəlik həyatı, həm də iş həyatını
bütün gərçəkliyi ilə gözlərimiz qarşısında açır. Əsərdə əsas qəhrəmanları ilə bir-birinə
bağlanan üç fərqli hadisə cərəyan edir. Bu hadisələr çərçivəsində yazıçı
cəmiyyətdə mövcud olan fərqli xarakterə malik insanları ən kiçik detallarına
qədər təsvir edir, mənfi xüsusiyyətləri ifşa edib oxucunu belə insanlara qarşı
ehtiyatlı olmağa səsləyir, müsbət cəhətləri isə yüksək qiymətləndirib təbliğ
edir. Elmi əsərlər və ədəbiyyat, poeziya fonunda bir-birilə əlaqələnən
həyatlar, onları birləşdirən hadisələr, məsələlərin açılmasına aparan
gözlənilməz yollar, qarşılaşdıqları müxtəlif situasiyalar qarşısında
qəhrəmanların keçırdiyi duyğuların tərənnümü bu kitabın əsasını təşkil edir.
Bəzən
bezərək, bəzən sadəcə bitirmək üçün, bəzən həvəslə, bəzənsə səhifələrin
azaldığına üzülərək oxuduğum bir roman oldu. İkinci hissəni daha çox bəyəndim.
Səbəb isə hadisələrin daha çox qarışması və gözləmədiyim sonluqla bitməsi oldu.
Oxuyarkən elə səhnələrlə qarşılaşdım ki, bəzən göz yaşlarıma hakim ola
bilmədim. Asanlıqla ağlayan biri olmadığım üçün mənə belə təsir bağışlayan
kitabların yeri ayrıdı ürəyimdə. Kitabı yaşayaraq oxuyan, hadisələri gözləri
qarşısında canlandıraraq yaşayan, özünü qəhrəmanların arasında hiss edən hər
bir oxucunun çox təsirlənəcəyi bir romandır.
Oxuyarkən
kitabda bir çox obraza rəğbət yaranır. Mənim üçün sevdiyi insanı itirsə də, onu
xatirələrində yaşadan, həyatının bir parçası imiş kimi yoluna davam edən
Gülmirə, qarşılaşdığı insanları müşahidə, yaşadığı hər şeyi mühakimə edərək
düşüncələrini kağızlara həkk edən, ətrafındakılara münasibətini qələmi ilə
ifadə edən Sakit Aranlı, ilk məhəbbətini ömür boyu qoruyub saxlayan, ən ağır
zərbəni sevdiyi tərəfindən alsa belə, sevməkdən əsla vazkeçməyən, illər boyu
qəlbində daşıdığını sandığı kini sevdiyini çətin anında gördüyü zaman yox edən
Əsəd və oğlunun ölümü ilə barışmayıb həyatına davam etsə də, ürəyinin bir
tərəfi darmadağın olan ana, mühakimə olunan həyat yoldaşı olmasına baxmayaraq
haqsızlığa qarşı çıxıb ədalətlə fikrini söyləyən qadın – Nadirə xanım unudulmaz
qəhrəmanlardandır. “Vəfalım
Mənim” hər səhnədə özümü obrazların yerinə qoyaraq “ Mən necə davranırdım?” ,
“Mən necə qərar verərdim?” suallarına cavab axtarmaqla oxuduğum bir kitab oldu.
Bəzən onlarla razılaşıb “Mən də eynilə belə davranardım!” deyir, bəzənsə “Yox,
əsla mən bu qədər cəsarətli ola bilməzdim!” deyə düşünürdüm oxuyarkən..
Qısacası,
bu kitab mənə çox şey qatdı.. Əlibala Hacızadənin qələmi ilə ilk tanışlığımın
bu kitab vasitəsilə olması çox xoş oldu. Bu əsəri yarada biləcək belə bir
yazıçıya sahib olduğumuz üçün qürur duydum. Sonda oxumadan öz yazıçılarımızı
tənqid edənlərə bu kitabla tanış olmağı tövsiyə edirəm. Sevgi, nifrət, sədaqət, xəyanət, yalan və sirlərlə dolu bu roman məndən 5 bal ala bildi...
Hiç yorum yok:
Yorum Gönder