Artıq bir ilə yaxındır ki, Elxan Elatlıdan
yeni bir şey oxumamışdım.. 2013-cü il üçün ilk detektiv əsər seçimim “Seçilmiş
Cəza” oldu. Uzun zamandır məni bu qədər sarsıdan bir kitab oxumurdum. Sirlərlə,
müəmmalı hadisələrlə dolu bir kitab.. Müəllifin məntiqini, yaradıcılıq
qabiliyyətini yüksək səviyyədə nümayiş etdirdiyi bir əsər.. Oxucuda şok təsiri
yaratmağa qadir kitablarından biri oldu mənim üçün “Seçilmiş Cəza”.
Sadə ailə mövzusu ilə başlayan sonda isə
içindən çıxılmaz bir vəziyyət alan bu gözəl əsər uzun müddət təsirindən çıxa
bilməyəcəyiniz bir kitabdır. Hadisələr elə qurulub, elə incə-incə işlənib
hazırlanıb ki, son səhifələrə qədər intizarda saxlayır oxucunu. Müəllifin hər yeni
kitabını oxuduqca "Azərbaycanın ən gözəl detektiv müəllifləri" haqqında düşündüyüm zaman ağlıma gələn ilk isimin Elxan Elatlı olması daha da möhkəmlənir.
Oxuyarkən əsərin
əvvəlində qatilin kim olduğuna dair qəti bir variantımın olması məni sevindirdi. “Bir az da olsa, Qanbay Qasımlı kimi düşünməyə başlamışam”- dedim.
Amma sonda qatilin tamamilə başqa birisi olduğunu görəndə “Yox.. Mən bütün kitabları oxusam belə Qanbay
Qasımlıya çata bilmərəm..” deyə düşündüm.. Çook çalışmam gerek çook :)
Kitabda
ailə, sevgi, güvən, dostluq, yalan, ədalət, ilk məhəbbət, peşmanlıq, fərqli
seçimlər – bir sözlə, hər şeyə rast gələcəksiniz. Istər – istəməz qəhrəmanların yerində olduğunuzu düşünüb necə addım atacağınızı götür-qoy edəcəksiniz.
Maraqla, həvəslə, səbirsizliklə oxuyub, əlinizdən qoymağı düşünməyəcəyiniz bir
kitab olacağına əmin ola bilərsiniz.
Oxuyarkən bunları düşündüm:
İlk məhəbbət unudulmur deyirlər.. Amma ailəyə
bağlılıq, həyat yoldaşına sevgi, hörmət bu hissin üstünü örtməyə məcbur edir
insanı.. Keçmişi unutduğunu sanıb hər şeyi yoluna qoyaraq həyatına davam edərkən
uzun illər əvvəl sənin üçün vazkeçilməz olsa da, indi qalaqlar altında
gizlədiyin o “ilk məhəbbət”in anidən peyda olub böyük çətinliklərlə qurduğun
ailəni məhv etməyə cəhd etsə, bu, səni nələrə vadar edə bilər?? Bax, bu zaman
“İlk məhəbbət unudulmur!” ifadəsi anlamını itirir. Ilk sevdiyin, həyatının
mənası saydığın, onsuz yaşaya bilməyəcəyini zənn etdiyin o insanın bir əzizinə
zərər yetirməsi səni tərəddüd etmədən onu məhv etməyə yönəldə bilər. Saf, təmiz
sevgiylə dolu bir ana qəlbinin hər zaman qoruma hissi də olur.. Və bu hiss səni
narahat etdiyi zaman ağlına deyil, ürəyinin səsinə qulaq verirsən..
Elxan
Elatlıdan oxuduğum ilk əsərdir ki, qatili gönahlandırmaq olmur.. Bu da onu daha
mükəmməl, orijinal edir. Oxuduğum müddətdə beynimdə yüzlərlə suallar yaranır və mən onlara cavab tapmaq üçün həvəslə səhifələri çevırməyə davam edirdim.. Bu il
oxuduğum kitablar arasında öz fərqliliyi ilə seçilərək ən sevdiklərimdən oldu “Seçilmiş
Cəza”. Hər zaman sevimli detektiv yazıçımın mənə “Arxalı Canavar” qədər təsir edəcək
daha bir əsəri olacaqmı deyə düşünürdüm. Nəhayət bu sualıma da cavab tapdım.. :)
- Siz heç ədalətin dünyada qəbul olunmuş simvoluna fikir vermisiniz? Qollu tərəzi... Amma bu mənə indi gülünc görünür. Bəlkə də xırda məsələlərdə bu tərəzi müəyyən dərəcədə düz işləyə bilər. Ancaq əksər vaxtlarda yox. Məsələn, insanın mənəviyyatına toxunulanda, yaxud öldürüləndə ədalət necə bərpa oluna bilər?
Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun -----> Elxan Elatlı
Hiç yorum yok:
Yorum Gönder