2 Ekim 2013 Çarşamba

Kahraman Tazeoğlu – Mavi Ev

KahramanTazeoğlu - sözlərini hər zaman heyranlıqla oxuduğum isim... Nəhayət onun kitablarından birini oxumaq şansı əldə etdim. “Mavi Ev” bu yay www.kitapyurdu.com dan özümə etdiyim dəyərli hədiyyələrdən biri idi. :)
Fərqli dizaynı və maraqlı girişi ilə diqqətimi cəlb edən kitab səhifələr çevrildikcə marağımın daha da artmasına səbəb oldu. Hər səhifəsi orijinal fikirlərlə dolu olan “Mavi Ev” həyəcanlandırıcı romanlardandır. Nəticənin gözlədiyimdən tam fərqli olması kitabı uzun müddət yaddaqalacaq əsərlərdən birinə çevirdi mənim üçün.
      1969-cu il təvəllüdlü Kahraman Tazeoğlu bu gənc yaşına rəğmən oxucular tərəfindən çox sevilir. Bu gözəl yazarla tanışlıq mahiyyəti daşıyan “Mavi Ev”i bitirdikdən sonra ona olan sevginin səbəbini daha yaxşı anladım. Sadə dili, gözəl fikirləri, canlı duyğu təsvirləri ilə yazılarını oxucuları üçün unudulmaz etməyi asanlıqla bacarır. Böyük ürəyə sahib olduğu hər sətirdən duyulan yazar o qədər yaşayaraq, hiss edərək yazır ki, hər kəsin duyğularına tərcüməçi olub qəlbləri fəth edir. 
        “Mavi Ev” haqqında qısaca onu qeyd edim ki, bu cür sevgidolu bir roman yazmaq hər yazıçıya nəsib olmur. O, sevgiyə öyrəşdiyimiz yollardan fərqli yanaşır. Bu kitabında etirafla başlayan sevgi hekayəsi ilə yanaşı, reallığı qəbul edərək yaxın dostunu itirməkdən qorxan bir aşiqin gizli sevgisinin şahidi oluruq. Sahra və Yamanla başlayan sadə bir hekayə Serkamın gəlişi ilə canlılıq qazanır, sonda isə Serkanla daha qarışıq bir hal alır və gözlənilməz sonluqla bitir. Səhifələr sürətlə çevrilir... hadisələr bir-birini əvəz edir... hekayə davam etdikcə oxucunun intizarı da bitmir... Bu kitab mənim üçün son səhifəsinə qədər zövq alaraq oxuduğum romanlardan birinə çevrildi. Əminəm ki, hər kəs oxuyarkən fərqli bir sonluq düşünüb. Eləcə də mən... Ancaq etiraf etməliyəm ki, əsəri həyacanla oxuyub bitirdikdən sonra səhifəni çevirib son cümlələri oxumaq romanın yaratdığı sehri bir az da olsa azaltdı məndə.
       Sürpriz nəticə istisna olmaqla kitab hər detalı ilə gözəl idi.  Xüsusilə qəhrəmanlarımızın hisslərinin ifadəsi, sevginin sənət dili ilə izahı çox xoşuma gəldi, Və yazıçının o duyğu dolu sözləri... Kitabda bəyəndiyim özəlliklərdən biri də qarışıq bir səhnəylə başlamağı oldu, sona qədər müəmmalı qalan bu sətirlər ancaq son səhifədə aydınlaşdı. Kim bilir. bəlkə də siz son səhifəsi ilə daha çox sevəcəksiniz kitabı. Buna görə bu dəyərli yazarın yaradıcılığına müraciət etmək istəsəniz, ilk olaraq bu kitabdan başlayın.. İlk qələm təcrübəsindən başlasanız, getdikcə daha çox bağlanacaqsınız Kahraman Tazeoğlu'na. <3
      Ümumiyyətlə, bu kitabın yeri Kahraman Tazeoğlu'nu bir yazar kimi kəşf etməyimdə böyük rol oynadığı üçün  ayrıdı məndə. Bu sevgini yaşayaraq yazan müəllif qəlbimi fəth edən yazıçılardan birinə çevrildi elə bitirdiyim ilk kitabı ilə. Növbədə isə onun sifariş etdiyim digər kitabları durur :) 
 “Mavi Ev” bir çox detalı ilə sevdirsə də özünü, sonluq səbəbindən məndən sadəcə 3 bal ala bildi. 
       Son olaraq bu hekayədən yaddaşıma həkk olan gözəl fikirləri paylaşıram sizlərlə:
* - Ne zamandır beni izliyorsun?
- Zamanı değil; seni izliyordum. O yüzden saat veremeyeceğim.
* - Gözlerine baksaydım; neyin var diye sormazdım.
- Neden?
- Çünki ben iyi yüzme bilmiyorum. Bilseydim, denize de daha çok girerdim. Gözlerine de...

* Gözleri mi boşluğa bakıyordu, yoksa boşluk onun gözlerinde miydi? Ne o gözler boşluğu doldurmaya yetiyordu, ne de boşluklar o gözlere dolmaya. Bir şeyler ya eksikti, ya da fazla? Canı sıkıldı. Tekrar denize baktı. Deniz ve gözler. İkisi de birbiriyle buluştu. İkisi de boğacaklarını bekler gibiydi.
02.10.2013     /      04.11 a.m